Ərdoğan Azərbaycanın səfiri R.Məmmədova mükafat təqdim edib
Səfirə mükafat Türkiyədə fevralın 6-da baş verən zəlzələnin ikinci ildönümü ilə əlaqədar mərasimdə təqdim olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün mükafatı Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova təqdim edib.
Səfirə mükafat Türkiyədə fevralın 6-da baş verən zəlzələnin ikinci ildönümü ilə əlaqədar Adıyaman Gənclər və İdman Müdirliyində keçirilən mərasimdə təqdim olunub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dağıdıcı zəlzələdən sonra ilk yardım göndərən Azərbaycana təşəkkürünü bildirib.
“Şəxsən öz adımdan və xalqım adından böyük minnətdarlığımı bildirirəm”, - deyə Ərdoğan bildirib.
6 fevral 2023-cü ildə Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə güclü zəlzələlər baş verib, 11 vilayət və qonşu ölkələrə təsir edib. 105 saniyə davam edən bu təkanlar 53 min 537 nəfərin ölümünə, 107 mindən çox insanın yaralanmasına səbəb olub. 39 minə yaxın bina dağıdılıb. Türkiyə rəsmiləri hadisəni “əsrin fəlakəti” adlandırıb.