Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabındakı paylaşımında Qəzzaya qarşı hücumların genişlənməsinin daha çox ağrı, ölüm və göz yaşlarından başqa bir şey gətirməyəcəyini vurğulayıb.
Ərdoğan “X” paylaşımında bildirib: “Uşaqları, qadınları və mülki insanları öldürməklə, xəstəxanaları, məktəbləri, məscidləri və kilsələri bombalamaqla təhlükəsizliyi təmin etmək mümkün deyil”.
Prezident Ərdoğan paylaşımını belə davam etdirib:
"İsrail rəhbərliyi öz səhvindən dönüb dövlət ağlı ilə hərəkət etmək əvəzinə, bölgə xaricindəki aktorların təxribatı ilə bir təşkilat kimi davranır. Bölgəmizi Qərb ölkələri tərəfindən təşviq edilən bu dəli çılğınlığından bir an əvvəl xilas etmək lazımdır. Bütün dövlətləri və beynəlxalq təşkilatları Qəzzada humanitar atəşkəsin mümkün qədər tez qurulması təşəbbüslərini səmimi şəkildə dəstəkləməyə dəvət edirəm. İsrail administrasiyasına çağırışımızı bir daha təkrar edirəm: dinc əhaliyə qarşı hücumlarının miqyasını heç vaxt genişləndirməməli və soyqırımı sayılan əməliyyatlarını dərhal dayandırmalıdır”.
Prezident Ərdoğan paylaşımında daha sonra deyib:
"İnanırıq ki, müsəlmanların, yəhudilərin, xristianların və bu torpaqlarda yaşayan hər kəsin təhlükəsizliyini təmin edəcək yeni mexanizmlərin qurulması ilə bölgəmizdə daimi sabitliyə nail olacağıq. Türkiyə daha çox günahsız qanların tökülməməsi, daha çox insan faciəsinin yaşanmaması və Fələstindəki münaqişələrin geridönülməz nöqtəyə çatmadan həll edilməsi üçün üzərinə düşəni etməyə davam edəcək".