Türkiyə İsveçin NATO-ya üzvlük protokolunu ratifikasiya edib.
Qərar Rəsmi Qəzetdə dərc olunub.
Qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təsdiq edib.
Sənəd bundan əvvəl Türkiyə Böyük Millət Məclisinin plenar iclasında müzakirə edilib. İsveçin NATO-ya qəbulunun lehinə 287 deputat, əleyhinə isə 55 deputat səs verib.
Türkiyə Böyük Millət Məclisinin Komissiyası İsveçin NATO-ya daxil olması ilə bağlı ratifikasiya protokolunu 2023-cü il dekabrın 26-da təsdiqləyib. Ölkə 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib.
Qeyd edək ki, İsveçin müraciətini təsdiq etməyən yeganə ölkə Macarıstandır. İsveçin Baş naziri Ulf Kristersson macarıstanlı həmkarı Viktor Orbanla fevralın 1-də Brüsseldə NATO-ya üzvlüklə bağlı görüş keçirəcək.
“Mən hər ikimiz üçün əlverişli vaxtda Budapeştdə bu məsələni daha ətraflı müzakirə etməyi səbirsizliklə gözləyirəm. Fevralın 1-də Avropa İttifaqı Şurasının Brüsseldə keçiriləcək mühüm iclasında da görüşmək imkanımız olacaq”, - deyə İsveçin Baş naziri bildirib.