Ərdoğan Putinlə nədən danışıb?
Türkiyə Prezidenti Rusiya Prezidenti ilə görüşün təfərrüatlarını açıqlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

O, Rusiya Prezidenti Vladimir Putinlə təxminən 1,5 saat davam edən görüşün detalları barədə açıqlama verib.
Ərdoğan bildirib ki, ABŞ Prezidenti Trampın təşəbbüsləri ilə başlanan dialoqu müsbət qiymətləndirdiklərini vurğulayaraq Türkiyənin sülh səylərinə verə biləcəyi töhfələri müzakirə ediblər.
“Əsasən müharibə və sülh təşəbbüsləri ətrafında fikir mübadiləsi apardıq. Türkiyənin bu məsələdə tutduğu mövqeyi bütün tərəflər kimi cənab Putin də çox yaxşı bilir. Putinlə keçirdiyimiz bu görüşdən sonra, inşallah, ABŞ Prezidenti Tramp ilə də sülh planını müzakirə etmək imkanı əldə edərik. Sülh uzaqda deyil, onu görürük” – Türkiyə Prezidenti qeyd edib.
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyəyə səfər edəcəyi ilə bağlı söz verib.
Ərdoğanın sözlərinə görə, Aşqabadda keçirilən görüş zamanı müzakirə olunan mövzulardan biri də növbəti görüşün Türkiyədə keçirilməsi olub.
O, qeyd edib ki, Putinlə olduqca səmərəli, əhatəli və dərin məzmunlu bir görüş keçiriblər:
“Görüş zamanı ona hər zaman gözlədiyimi xüsusilə ifadə etdim. Bu səbəbdən də ən qısa zamanda yenidən bir araya gəlməyimizin vacibliyini müzakirə etdik. O isə "sözümü yerinə yetirəcəyəm" dedi”.
Türkiyə Prezidenti bu səfərin ən yaxın zamanda baş tutacağına ümid etdiyini bildirib:
“Bizim Rusiya ilə münasibətlərimiz gündəlik maraq hesabları üzərində qurulan əlaqələr deyil; dərin tarixi köklərə, güclü diplomatik zəminə və qarşılıqlı etimada əsaslanır”, – Ərdoğan əlavə edib.
2 dəqiqə