XƏBƏRLƏR / Siyasət

Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb

XİN bəyanat yayıb YENILƏNIB

Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 18:34

    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yayıb.

    Bəyanatda deyilir:

    “Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını məmnunluqla qeyd edirik.

    Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq.

    İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq”.


    ***

    17:00

    Ermənistan Xarici İşlər Nazirliyi Bakının sülh müqaviləsi mətninin son iki bəndinin razılaşdırılması ilə bağlı bəyanatlarını təsdiqləyir: "Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Saziş layihəsi üzrə razılığın əldə edildiyini və bu layihə üzrə saziş üzrə danışıqların başa çatdığını təsdiq edir.

    Ermənistan Respublikası Azərbaycan Respublikası ilə Sazişin imzalanma vaxtı və yeri ilə bağlı məsləhətləşmələrə başlamağa hazırdır".

    ***

    Sülh sazişi layihəsi ilə bağlı mən onu deyə bilərəm ki, sazişin mətni ilə bağlı artıq danışıqlar prosesi yekunlaşıb.

    Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

    "Yəni biz bir neçə dəfə məlumat vermişdik ki, son iki maddə qalıb və yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb", - o bildirib.

    "Növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi aktlarında Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə olan iddiaların konstitusiyada dəyişiklik yolu ilə baş tutmasıdır. Təbii ki, bu, sazişin imzalanması üçün labüd şərtdir. Bundan əlavə, keçmiş münaqişənin qalıqları olan Minsk qrupu və onun digər təsisatlarının ləğv edilməsi vacib amildir", - deyə nazir diqqətə çatdırıb.

    Xatırladaq ki, dünən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan tərəfinə sülh sazişinin 12-ci redaksiyasının göndərildiyini bildirmişdi.

    Qeyd edək ki, sülh sazişinin razılaşdırılmamış qalan iki bəndi bunlar idi:

    -  iddiaların qarşılıqlı geri götürülməsi;

    -  üçüncü ölkə qüvvələrinin sərhəddə yerləşdirilməsindən qarşılıqlı imtina.

    Sülh müqaviləsi imzalanmağa tam hazır olduqdan sonra belə, imzalanması üçün şərtlər bunlar idi:

    -  konstitusiyaya dəyişikliklər;

    -  Minsk Qrupunun buraxılmasına çağıran ATƏT-ə birgə müraciət.

    Ermənistanın baş naziri Nikol Paşinyan “real Ermənistan” üçün yeni konstitusiya qəbul etməyə hazır olduğunu bəyan edib. Ondan əvvəl isə - ATƏT-in Minsk Qrupunu buraxmağa hazır olduğunu deyib.