XƏBƏRLƏR / Yaddaş

Ərdoğan Türkiyədəki erməni icmasına mesaj göndərdi

Türkiyə Prezidenti ermənilərin dərdlərinə görə özlərinin günahkar olduqlarına eyham vurub

Ərdoğan Türkiyədəki erməni icmasına mesaj göndərdi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədəki erməni icmasına mesaj göndərərək, onların dərdlərinə görə özlərinin günahkar olduqlarına eyham vurub:

    “Bu il biz Birinci Dünya müharibəsinin ağır şərtlərində həlak olan Osmanlı ermənilərinin xatirəsini bir daha ehtiramla yad edir, onların övladlarına/nəvələrinə bir daha başsağlığı verirəm.

    Osmanlı İmperatorluğunun son dövründə baş verən üsyanlar, artan quldur hərəkatları, silahlı birləşmələrin dağıdıcı hərəkətləri və yoluxucu xəstəliklər nəticəsində itirilən canlar üçün hələ də ürəyimizdə ağrılar hiss edirik.

    Digər tərəfdən, keçmişin qüdrətli xatirələrinin bu günü və gələcəyi əsir götürməməli olduğuna inanaraq, biz 86 milyonluq bir xalq olaraq gələcəyimizi birlikdə qurmalıyıq. Tarixdən düşmənçilik çıxarmağa, aramızda qurulan möhkəm körpülərə, əlaqələrə xələl gətirməyə çalışanlar hələ də öz məqsədlərinə çatmayıblar.

    Əsrlər boyu bu doğma torpaqda bir yerdə yaşayan biz keçmişdə də, bu gün də sevincimizə, kədərimizə şərik olmaqda davam edirik.

    Biz heç bir səbəbə görə heç bir vətəndaşımızın ayrı-seçkiliyə, təcrid olunmasına və ya uzaqlaşdırılmasına icazə verməmişik və bir daha belə hallara yol verməyəcəyik.

    Ölkəmizin mədəni, incəsənət, siyasi, iqtisadi, təhsil və sosial həyatına dəyərli töhfələr verən erməni vətəndaşlarının, eləcə də bütün digər vətəndaşlarımızın sülhü, təhlükəsizliyi və rifahı bundan sonra da prioritetimiz olacaq.

    Türkiyəni bu günlərə birlikdə gətirdiyimiz kimi, Türkiyənin yüzilliyini də birlikdə, çiyin-çiyinə quracağıq.

    Biz Türkiyə Cümhuriyyətinin ləyaqətli vətəndaşları olaraq sülhün simvolu olan ay-ulduzlu qırmızı bayrağın kölgəsi altında əbədi olaraq azad yaşamağa davam edəcəyik.

    Bu fikirlərlə bir daha təsdiq edirəm ki, erməni icmasının keçmişdə yaşadığı ağrıları səmimi qəlbdən bölüşür və Osmanlı İmperiyasının həlak olmuş vətəndaşlarını hörmətlə yad edirəm”.