Ermənilər yolu azmış əsgər Hüseyn Axundova 20 il iş kəsdi
O, Zəngəzur mis-molibden zavodunda mühafizəçinin “qətlə yetirməsi” ilə bağlı qondarma işdə “günahkar bilinib”
Ermənistanda “məhkəmə” Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraiti səbəbindən itmiş və Ermənistanda əsir götürülən azərbaycanlı hərbi qulluqçu Hüseyn Axundova 20 il həbs cəzası verib.
Azərbaycan Ordusunun hərbi qulluqçuları - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəddə yerləşən Şahbuz rayonu ərazisində hava şəraiti dumanlı olması və görmə məhdudluğu səbəbindən yolu azıblar. Daha sonra erməni tərəfi etiraf edib ki, Azərbaycan hərbçiləri onların əsirliyindədir. Ermənilərin məhkumlarla pis rəftarın foto və video materialları da dərc olunub.
Hüseyn Axundov Zəngəzur mis-molibden zavodunda 56 yaşlı mühafizəçinin “qətlə yetirməsi” ilə bağlı qondarma işdə “günahkar bilinib”.
Xatırladaq ki, bundan əvvəl əsgər Bəbirov Aqşin Qabil oğluna Ermənistan "məhkəməsi" uydurma ittihamla 11,5 il iş verib.