Ermənilərin Bakı metrosunda törətdikləri terror
Ermənilərin Azər Aslanov vasitəsi ilə metroda təşkil etdiyi partlayışdan 29 il ötür
Bakı metrosunda baş verən terror hadisəsindən 29 il ötür.
1994-cü il iyulun 3-də metronun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda partlayış baş verib.
Saat 08:30-da qatar "Gənclik" stansiyasının platformasından beş yüz metr aralıda olarkən "28 May" stansiyasından çıxan elektrik qatarının ikinci vaqonunda bomba partlayıb. Qatar vaqonları yanıb. Hücum nəticəsində 13 nəfər ölüb, 58 sərnişin yaralanıb.
Moskvada partlayış təşkil etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Azər Aslanov həbs edilib. 1997-ci il noyabrın 29-da Azərbaycana təhvil verilib.
Aslanov 1998-ci ildə erməni əsirliyində olarkən bu terror aktını törətmək əmrini publisist Zori Balayandan aldığını bildirib. Məhkəmə terrorçuya ömürlük həbs cəzası verib. İstintaq müəyyən edib ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarıdır.
Azər Aslanovun ifadəsi nəzərə alınaraq, Balayana qarşı da cinayət işi başlanıb və 1999-cu ildə Azərbaycan Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol publisisti xüsusilə təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa verib. Daha sonra Azərbaycan Respublikasının prokurorluğu onu MDB ölkələrində dövlətlərarası axtarışa verib.