XƏBƏRLƏR / Məhkəmə

Ermənilərin məhkəməsi davam edir YENİLƏNİR

Prosesdə Beynəlxalq insan hüquqları müdafiəsi təşkilatının Ermənistan ordusunun cinayətləri ilə bağlı hesabatı məhkəmədə nümayiş olunub

Ermənilərin məhkəməsi davam edir YENİLƏNİR
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 15:24

    Bu gün Bakı Məhkəmə Kompleksində davam etdirilən məhkəmə prosesində beynəlxalq insan hüquqları müdafiəsi təşkilatının 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə amansız hücumunu, mülki əhali qətlə yetirməsini əks etdirən sənədləri məhkəmədə tədqiq olunub.

    Hesabatda bildirilir ki, Ermənistan ordusu Azərbaycanın mülkü əhalisini Qarabağda ələ keçirdiyi bütün ərazilərdən qovub, onlar mülkü əhalini girov götürüb, qaçıb canını qurtarmağa çalışarkən insanları heç bir fərq qoymadan güllələyiblər.

    Təşkilatın hesabatında genişmiqyaslı talan və mülki əhalinin əmlakının məhv edilməsi, Ağdamın Ermənistan ordusu tərəfindən 1993-cü ilin iyul ayında ələ keçirilməsi, şəhərin talan edilməsi barədə məqamlar yer alıb.

    Hesabatda Ermənistan silahlı qüvvələrinin Qarabağda baş vermiş döyüşlərdə iştirakı tədqiq olunur. Vurğulanıb ki, Azərbaycanın mülki əhalisinin heç bir fərq qoyulmadan atəşə tutulması, bombardman olunması, insanların məcburi şəkildə yerini dəyişməsinə səbəb olub. “Mülki əhali girov götürülüb, əmlakı talan edilib və yandırılıb”, - deyə bildirilib.

    Bundan əlavə, hesabatda həmin dövrdə Ermənistan Respublikasının hərbi cinayətlər törətməsi ilə bağlı Cenevrə Konvensiyasının ciddi şəkildə pozulması göstərilib. Hesabatda Ermənistan ordusunun hərbi qaydaları pozması, müharibə cinayətləri törətməsi halları qeyd olunur.

    Girovlarlara, müharibə əsrlərinə düzgün şəkildə davranılmaması və onların öldürülməsi kimi hallar da sənəddə öz əksini tapıb.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

    ***

    11:35

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Xatırladaq ki, ötən prosesdə Ermənistan ordusunun işğal və mülki əhalinin qətliamı faktları ilə bağlı ifadələr dinlənilib.

    Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Saaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.