Ermənilərin məhkəməsi keçirilir YENİLƏNİB
Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərər çəkmiş şəxs: Laçından keçəndə Gorus tərəfdən artilleriya atəşinə məruz qaldıq

14:32
Avqustun 25-də Bakı Məhkəmə Kompleksində keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Sabir Quliyev Şuşanın işğalı zamanı dinc əhaliyə humanitar dəhlizin verilmədiyini bildirib.
S.Quliyev Şuşanın Göytala kənd sakini olduğunu, 1992-ci il mayın əvvəlində şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini və məcburi köçkün düşdüyünü vurğulayaraq deyib: “Əmim oğlanları Tahir və Rəfael Quliyevlər həlak oldular. Tahir Quliyevin meyiti hələ də tapılmayıb”.
“Şuşanın işğalı zamanı qarşı tərəf dinc əhaliyə humanitar dəhliz vermədi. Laçından keçəndə Gorus tərəfdən artilleriya atəşinə məruz qaldıq. Orada yaşlı qadın həlak oldu”, - deyən zərərçəkən əlavə edib ki, torpaqlarımız işğaldan azad olunandan sonra atasının qəbrini ziyarət edəndə onun məzarının dağıdıldığını, bəzi başdaşlarının çıxarıldığını görüb.
“Mülkümüzü, təsərrüfatımızı, var-dövlətimizi əlimizdən aldılar. Kəndlərimizi dağıdıblar, sakinlər evlərini belə tapa bilmirdilər. Torpaqlarımızı elə bir vəziyyətə salıblar ki...”, - deyə o diqqətə çatdırıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
***
11:01
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.
Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.
Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.
Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.
Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Saaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.