Ermənilərin məhkəməsi keçirilir YENİLƏNİR
Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərərçəkmiş şəxs: Qətlə yetirilmiş qardaşımın nəşi indiyədək tapılmayıb

Avqustun 15-də Bakı Məhkəmə Kompleksində keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Lalə İsmayılova Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Zəngilan rayonundan məcburi köçkün düşdüyünü bildirib.
L.İsmayılova qardaşının polis əməkdaşı olduğunu, digər 6 polislə birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini deyib. Onların nəşləri indiyədək tapılmayıb.
Zərərçəkmiş Bikəxanım Quliyeva ifadəsində bildirib ki, yaşadığı Orta Yeməzli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən zaman dördotaqlı evi yandırılıb. B.Quliyeva deyib ki, özündən əvvəl ifadə verən L.İsmayılovanın qardaşı ilə birlikdə qətlə yetirilən polislərdən biri – İlham İmamqulu oğlu Quliyev – onun qardaşıdır.
B.Quliyev təqsirləndirilən şəxs Bako Saakyanın vəkilinin suallarına cavabında kəndə hücum zamanı atəşlərin Ermənistanın Qafan rayonu istiqamətindən açıldığını bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.