XƏBƏRLƏR / Məhkəmə

Ermənilərin məhkəməsi keçirilir YENİLƏNİR

Məhkəmədə Davit İşxanyanın Şuşanın işğalına dəstəyini əks etdirən video nümayiş olunub

Ermənilərin məhkəməsi keçirilir YENİLƏNİR
  • Oxuma müddəti:

    6 dəqiqə

  • 14:48

    Bu gün Bakı Məhkəmə Kompleksində davam etdirilən məhkəmə prosesində Davit İşxanyanın Şuşanın işğalının qarşısını almaq istəyən Azərbaycan hərbçilərinin yolunu bağlaması barədə videomaterial nümayiş olunub.

    Ermənilər tərəfindən hazırlanmış videomaterialda deyilir ki, Azərbaycan hərbçilərinin Şuşanın işğalının qarşısını almaq məqsədilə Xocavənd istiqamətində irəliləməsini dayandırmaq üçün D.İşxanyan və onun dəstəsi Monte Melkonyanın əmri ilə yolu bağlayıblar.

    Videokadrlarda bildirilir ki, 1992-ci il mayın 15-də dəstə komandiri Armen Avokyan döyüş zamanı ölüb, onun yerinə Davit İşxanyan təyin olunub.

    Təqsirləndirilən şəxs D.İşxanyan videomaterilada yer alan faktların düzgün olmadığını, bu vidematerialın təbliğat məqsədi ilə çəkildiyini iddia edib. O deyib ki, bu film 2020-ci ilin əvvəllərində Azərbaycanın vaxtilə işğalda olan ərazilərində qondarma rejimin “parlament və prezident seçkiləri” ərəfəsində çəkilib: “Bunun məqsədi təbliğat idi. Mən həmin vaxt əsayla gəzirdim. İstəsəydim belə, fiziki cəhətdən orda iştirak edə bilməzdim”.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

     ***
    13:41

    Bu gün Bakı Məhkəmə Kompleksində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyanın Şuşa işğal ediləndən dərhal sonra orada olmasını əks etdirən videomateriallar göstərilib.

    Videomaterialın tədqiqi zamanı dövlət ittihamını müdafiə edən prokurorlar görüntülərin Şuşanın işğalından dərhal sonra çəkildiyini bildirib və A.Qukasyana suallar ünvanlayıb.

    Təqsirləndirilən şəxs suallara cavabında videokadrlarda özü ilə birlikdə Şuşada olan şəxslərin adlarını sadalayıb: “Ortada mülki geyimdə olan sürücüdür. Mənim arxamda kostyumda olan Oleq İsayandır. Arxa planda Armen İsaqulovu tanıdım. İkinci Zori Balayan. Mülki geyimdə olan Vasili Atacanyandır. İndi sürücünün yerinə Yepiskop Parqev yaxınlaşdı... Digərlərini tanımıram. Görünür ki, sadəcə, hərbçilərdir”.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


    ***

    11:31

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir.

    Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.

    Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Saaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.