Ermənistan Azərbaycan dronlarına qarşı hərbi sistem qurur
Bu barədə “Azatutyun” radiosunun məlumatında bildirilib
Ermənistan hərbi müttəfiqi Rusiya ilə artan gərginlik fonunda Hindistandan çoxlu sayda yeni silah sifariş edib.
Bu barədə “Azatutyun” radiosunun məlumatında bildirilib.
Son bildirilən satınalma Hindistan istehsalı olan pilotsuz təyyarə əleyhinə radar sistemidir. Rəsmi İrəvan ümid edir ki, “Zen” anti-dron sistemi Ermənistana Azərbaycanın hava hücumuna qarşı mübarizə aparmağa kömək edəcək.
Ermənistan Respublikasının Müdafiə Nazirliyi bu yaxınlarda Hindistan mətbuatının İrəvanın bir neçə “Zen” anti-dron sistemi almaq üçün təxminən 41 milyon dollarlıq müqavilə imzaladığı barədə yaydığı xəbəri nə təsdiq, nə də təkzib edib.
Bu sistemlər pilotsuz təyyarələri aşkarlamaq, təsnif etmək, onların rabitə və GPS sistemlərini pozmaq üçün nəzərdə tutulub. “Zen” sistemi dronların uça bilməsini əngəlləyir. Əgər dronlar uçuşa davam edə bilsələr, “Zen” sistemi sinxron məlumatları onları dəqiqliklə vura bilən zenit sistemlərinə ötürür.
“Zen” anti-dron sistemləri ilə bağlı suala cavab olaraq Ermənistan Milli Müdafiə Komitəsinin sədr müavini bildirib ki, silahlı Qqüvvələr müdafiə qabiliyyətinin səviyyəsinin artırılması istiqamətində intensiv iş aparır.
İrəvanda hesab edirlər ki, Ermənistanın pilotsuz təyyarələrə qarşı imkanlarının olmaması Azərbaycanla 2020-ci ildəki 44 günlük müharibədə əsas problem olub.
Məlumata görə, 2023-cü ilin iyul ayında Hindistanın yerli istehsalı olan “Pinaka” yaylım atəşi sistemi ilk dəfə Ermənistana gətirilib. Silahın İran ərazisindən keçməklə Ermənistana daxil olduğu bildirilir.
“Pinaka” raketlərinin uçuş məsafəsi 40 kilometrdir ki, bu da sovet dizaynının bəzi raket sistemləri ilə müqayisədə qısadır, lakin bildirilən dəqiqliyinə görə o, "Hindistan HIMARS"ı adlanır.
Bir neçə “Pinaka” raket kompleksinin və müvafiq sursatın Ermənistan üçün qiyməti 260 milyon dollar qiymətləndirilib.