Qar uçqununa düşmüş hərbçilər dəfn edilib YENİLƏNİB
Gədəbəydə yerləşən xidmət yerindən qayıdarkən əsgər İmanov Əli və əsgər Həmidov Ruslan dumanlı hava şəraitində qar uçqununa düşmüşdülər

13:00
Qar uçqunu nəticəsində itkin düşərək həlak olan və ötən gün nəşi aşkarlanan müddətli həqiqi hərbi xidmət qulluqçusu İmanov Əli Tariyel oğlu Sabirabad rayonunda torpağa tapşırılıb.
Əli İmanovun nəşi Sabirabadda izdihamla qarşılanıb və doğulub boya başa çatdığı Muğan Gəncəli kəndinə gətirilib, vida mərasimi olub və cənazə namazı qılınıb. Sonra onun nəşi dəfn üçün kənd məzarlığına gətirilib. Dəfn mərasimində ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəsmiləri, ictimaiyyət nümayəndələri və hərbçilər iştirak ediblər.
İmanov Əlinin nəşi kənd məzarlığında torpağa tapşırılıb. Əli İmanovun tabutuna bükülən Bayraq qardaşına təqdim olunub.
Qeyd edək ki, İmanov Əli Tariyel oğlu 2006-cı il aprelin 2-də Sabirabad rayonu Muğan Gəncəli kəndində dünyaya göz açıb. 2024-ci il aprel ayında həqiqi hərbi xidmətə yollanıb. Martın 19-da əsgər İmanov Əli Tariyel oğlu və əsgər Həmidov Ruslan Rüstəm oğlu Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçquu nəticəsində itkin düşüblər. Yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, hərbi qulluqçularımızın tapılması məqsədilə dərhal zəruri axtarış tədbirlərinə başlanılıb.
Xatırladaq ki, Müdafiə Nazirliyi və Fövqaladə Hallar Nazirliyinin birgə məlumatına əsasən, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri aşkar edilib.
***
Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu Həmidov Rüstəm Ruslan Bərdədə dəfn edilib.
Vida mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin, YAP Bərdə Rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon sakinləri və hərbiçilər iştirak edib.
Cənazə namazından sonra Rüstəm Həmidov Güloğullar kənd qəbirstanlığında dəfn edilib. Ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.
***
07:29
Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusunun nəşi ailəsinə təhvil verilib.
Məlumata görə, hərbçi Ruslan Həmidovun nəşi gecə saatlarında ailəsinə təhvil verilib. O, Bərdə şəhər Şəhidlər xiyabanında dəfn ediləcək.
Xatırladaq ki, daha əvvəl qar uçqununa düşmüş iki hərbçinin nəşi tapılmışdı.