XƏBƏRLƏR / Diplomatiya

Ermənistan, Gürcüstan və Azərbaycan nümayəndələri görüşüb

FOTO / YENİLƏNİB

Ermənistan, Gürcüstan və Azərbaycan nümayəndələri görüşüb
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 17:20

    17 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın təşəbbüsü ilə Azərbaycan Respublikası, Gürcüstan və Ermənistan Respublikası arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüş keçirilib.

    Bu barədə Azərbaycan-Gürcüstan-Ermənistan Üçtərəfli Görüşünə dair Birgə Mətbuat Məlumatında deyilir.

    "İlk növbədə, görüşdə iştirak edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya və Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vahan Kostanyan üç Cənubi Qafqaz ölkəsinin ilk üçtərəfli görüşünün keçirilməsini alqışlayıb və üç ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətə əsaslanan əməkdaşlıq potensialının imkanlarından hələ də tam şəkildə istifadə olunmadığını bildiriblər.


    Görüşün məqsədi regionda davamlı inkişaf və firavanlığı təşviq etmək naminə ümumi maraq kəsb edən sahələrdə üçtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Bununla yanaşı, müvafiq sahələrdə əməkdaşlıq ümumi problemlərin həllinə dəstək ola və nəticədə Cənubi Qafqaz regionunun uzunmüddətli sabitliyinə və sürətli inkişafına təkan verə bilər. Görüşdə açıq fikir mübadiləsi şəraitində potensial əməkdaşlıq sahələrinə dair baxışlar təqdim edilib.



    Sonda görüş iştirakçıları etimad quruculuğu və dialoqun daha da yüksək səviyyəyə qaldırılmasına yol açmaq üçün ilkin mərhələ kimi qəbul edilən sözügedən görüşün müsbət və konstruktiv atmosferdə keçdiyini qeyd ediblər", - məlumatda qeyd olunub.

    ***

    13:46

    Tbilisidə Gürcüstan Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüşü keçirilir.

    Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşün təşəbbüskarları Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovdur.

    İclası Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.

    O, Cənubi Qafqazın strateji rolu, regionun potensialı və əməkdaşlıq formatları barədə danışıb. O, üçtərəfli görüşün keçirilməsinin Gürcüstanın regional əməkdaşlığın inkişafına və ümumi maraqların müəyyənləşdirilməsinə töhfə vermək üçün səmimi istəyinin göstəricisi olduğunu qeyd edib. Vurğulayıb ki, Cənubi Qafqaz strateji əhəmiyyət kəsb edən regiondur və üçtərəfli əməkdaşlıq zamanda son dərəcə zəruridir.

    Məlumatda qeyd edilib ki, qapalı formatda keçirilən görüşün məqsədi regionun firavanlığı, sabitliyi və davamlı inkişafı naminə ölkələr arasında qarşılıqlı faydalı, praktiki, üçtərəfli əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək sahələr üzrə üç ölkənin ümumi maraqlarını və fikirlərini bölüşməkdir.

    ***

    12:14

    Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilir.

    Tədbiri giriş sözü ilə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.

    Görüşün məqsədinin üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoyacaq mümkün istiqamətlərə dair üç ölkənin baxış və fikirlərini bölüşmək olduğu bildirilir.

    “Görüşdə üçtərəfli əməkdaşlığın imkanları müzakirə olunacaq. Üç ölkə üçün maraqlı ola biləcək istiqamətlər müəyyənləşdiriləcək, mümkün əməkdaşlıq istiqamətləri müəyyən ediləcək ki, region ölkələri bir sıra məsələlərə birgə yanaşmaları inkişaf etdirə bilsinlər. Bu, bugünkü müzakirənin əsas istiqamətləri olacaq”, - Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya jurnalistlərə bildirib.


    Qeyd edək ki, danışıqlarda Gürcüstan tərəfini xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Azərbaycanı Elnur Məmmədov, Ermənistanı isə Vahan Kostanyan təmsil edir.

    ***

    10:51

    Bu gün Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri müavinlərinin üçtərəfli görüşündə Azərbaycanı nazir müavini Elnur Məmmədov təmsil edəcək.

    Bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib.

    Görüşdə regional əməkdaşlıq müzakirə ediləcək.

    ***

    10:09

    Bu gün Tbilisidə Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə regional əməkdaşlığa dair üçtərəfli danışıqlar keçiriləcək.

    Bu barədə Ermənistan XİN məlumat yayıb.

    Azərbaycan tərəfi gğrüş haqda hələ məlumat yaymayıb.