BLOQ

Ermənistan kinosu: 44 gündən 4 il sonra onlar nə ediblər?

Ermənistan kinosu: 44 gündən 4 il sonra onlar nə ediblər?
  • Oxuma müddəti:

    24 dəqiqə

  • Kino işinin təşkili: Milli Kino Mərkəzi, Eurimages və…

    SSRİ-nin dağılmasından sonra, 1990-cı illər, müstəqilliyin ilk onilliyində Ermənistanda, ümumilikdə 30 tammetrajllı və qısametrajlı film çəkilib. Həmin dövrdə ardıcıl müstəqil kinostudiyalar açılsa da, sonradan iqtisadi səbəblərdən onların çoxu bağlanıb. 2000-ci illərdə vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb və müstəqilliyin ikinci onilliyində ölkədə 60 tam və qısametrajlı film lentə alınıb.

    2006-cı ildə yaradılmış Ermənistan Milli Kino Mərkəzi qeyri-kommersiya hökumət təşkilatıdır, ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyinin tərkibində fəaliyyət göstərir. Qurumun məqsədi, dövlətin kino sahəsində siyasətinin reallaşması, yerli kinematoqrafçılara maliyyə dəstəyi, milli kino mirasının təbliği və erməni filmlərinin beynəlxalq festival və kinobazarlarda təqdimatıdır. Milli Kino Mərkəzi kinoprodüserlər üçün təlim-təhsil proqramları tədris edir, gənc rejissorlar üçün müxtəlif layihələr həyata keçirir. Məsələn, mərkəz təzəlikcə Fransanın CNC (Centre National du Cinéma et de l’Image Animée) qurumu və Cité Internationale des Arts fondu ilə əməkdaşlıq çərçivəsində rejissorlar üçün qrant müsabiqəsi elan edib. Müştərək istehsalatı çoxaltmaq məqsədilə Kann, Berlin, Venesiya və digər nüfuzlu kino festivallarının kino bazarına müntəzəm qatılan mərkəz, Qərb kinoistehsalçılarına layihələrini tanıdır və tərəfdaşlar axtarır.

    Film layihələrini dəyərləndirən ekspert komissiyası beş ildən bir yenilənir. Komissiyaya bu sahədə ən azı beş il təcrübəsi olan kinoprodüserlər, rejissorlar, ssenaristlər, operatorlar, film redaktorları, kinotənqidçilər üzv ola bilərlər. Bir qayda olaraq, beynəlxalq kinofestivallarda iştirak etmiş, kinofestivalların münsiflər heyətində yer almış, beynəlxalq mükafatlar qazanmış, istehsalat təcrübəsinə malik, kino sahəsi ilə bağlı analitik məqalələr yazmış şəxslərə üstünlük verilir. Qaydalara əsasən, ekspert komissiyasının üzvü hansısa dövlət orqanında işləməməlidir. Bundan başqa, ekspert komssiyasının üzvü ilə qohumluq əlaqəsi olan hər hansı şəxs müsabiqəyə qatıla bilməz.

    Ermənistanda kinoya dəstək verən digər qurum “Hayk” sənədli film kinostudiyasıdır. Amma hökumətin qərarı ilə studiya ötən il Ermənistan Milli Kino Mərkəzilə birləşib. Əgər Milli Kino Mərkəzi müxtəlif janrlı filmləri dəstəkləyirsə, “Hayk” studiyası, sənədli kinoya maliyyə yardımı göstərir. Hər iki qurumun funksiyası mahiyyət etibarilə eyni olduğundan və dövlət büdcəsindən maliyyələşdiyindən, hökumət maliyyə və peşəkar resursları mərkəzləşdirmək qərarına gəlib. Erməni diasporası da erməni kinosuna dəstək verir, filmlərin istehsalında fəal iştirak edir. Filmlərin bərpasında, təbliğində ümumerməni fondu “Ayastan” xüsusi fəallıq göstərir.

    2016-cı ildən isə Ermənistan, mərkəzi ofisi Strasburqda yerləşən, bədii, animasiya, sənədli filmlərə maliyyə dəstəyi verən, filmlərin müştərək istehsalını, prokatını təşkil edən, yayımına yardım göstərən Eurimages qurumunun üzvüdür. Quruma üzvlük sayəsində ölkə, Avropa kino istehsalı şəbəkəsinə qoşulub, müştərək filmlərinin sayını artıraraq, məhsullarının dünya kino bazarına daha geniş şəkildə daxil etmək imkanını qazanıb.

    Xarici fond və qurumlarla aktiv işləyən mərkəz, erməni kinosunu dünyada populyarlaşdırmaq üçün ötən il filmlərin yayımı üzrə dünyada lider şirkətlərdən biri olan МК2 şirkəti ilə müqavilə imzalayıb. MK2 Frunze Dövlatyanın “Salam, bu mənəm” (1965) filminin qlobal yayımını öz üzərinə götürüb və filmin bərpa olunmuş versiyası 76-cı Kann festivalında “Kann klassikası” proqramı çərçivəsində göstərilib. Eyni zamanda, proqramda Paracanovun “Unudulumuş əcdadların kölgələri” (1965) bədii filmi də nümayiş olunub.

    Erməni kinosunun və Paracanovun 100 illiyi münasibətilə 2024-cü ildə beynəlxalq səviyyədə layihələrin reallaşması nəzərdə tutulur. Bu il Venesiya festivalında “Venesiya klassikası” proqramında Arman Manaryanın filmərindən biri  “Nəhəng mənbə” (1970) və ya “Karine” (1967)  nümayiş olunacaq. Analoji layihələr digər kinofestivallarda da həyata keçiriləcək.  

    Bundan başqa, mərkəz, Brüssel, Berlin sinematekaları ilə müqavilələr imzalayıb, postprodakşn və filmlərin bərpası sahəsində xidmətlər göstərən nəhəng təşkilatlarından biri “Prasad Corporation” ilə klassik erməni filmlərinin bərpası və Ermənistanda kinolaboratoriya yaradılması müzakirə olunub.  Keçmiş Sovet ölkələri ilə əməkdaşlığa diqqət ayıran qurumun müxəlif ölkələrdə filialları var. 2024-cü ildə isə Gürcüstanla birlikdə hər iki ölkədə erməni-gürcü filmlərinin regional festivalının keçirilməsi nəzərdə tutulur.

    Erməni kinosunda əsas mövzular

    Mərkəzin rəhbəri Şuşanik Mirzəxanyanın sözlərinə görə, dövlətin dəstəklədiyi filmlərdə milli mövzular üstünlük təşkil edir. Seçim komissiyası layihələri nəzərdən keçirərkən bu məqamı nəzərə alır. Ötən yazılarımda qeyd etdiyim kimi, mərkəzin sifarişilə ildə 5-6 tammetrajlı bədii film istehsal olunur ki, onun heç olmasa ikisi ideoloji məzmun daşıyır. Mərkəzin maliyyəsindən kənar, müstəqil büdcə ilə çəkilmiş filmlərdə də bir qayda olaraq, milli maraqlar önəmli yer tutur. Aşağıdakı siyahıda müxtəlif illərdə çəkilmiş, məzmununda ideoloji məsələlərin (1915-ci il hadisələri, Qarabağın ermənilərin tarixi torpağı olması haqda iddia, erməni sənətkarlarının həyatı, yaradıcılığı kontekstində erməni mədəniyyətinin təbliği və s.) önə çəkildiyi filmlərin bir qismini təqdim edirəm. Filmlərin çoxu beynəlxalq festivallarda nümayiş olunub və mükafatlara layiq görülüb.

    N FİLMİN ADI İL İSTEHSALÇI REJİSSOR MÖVZÜ
    1 Müharibə və sülh dövründə insan hekayələri 2007 Ermənistan Vardan  Hovhannisyan Qarabağ. Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, jurnalist  Hovhannisyan döyüşcü yoldaşlarının axtarışına çıxır.
    2 Sərhəd 2009 Ermənistan, Niderland Arutyun Xaçatryan Qarabağ.
    3 Əgər hamı 2012 Ermənistan Natalya Belyauskene Qarabağ. Film keçmiş prezident Serj Sarqsyanın himayəsində olan “Time production” şirkəti tərəfindən çəkilib.  
    4 Yarıda qalmış uşaqlıq 2013 Litva, Ermənistan Civan Avetisyan Qarabağ.
    5 Тevanik 2014 Ermənistan-Litva Civan Avetisyan Qarabağ.
    6 Qurtuluş xəritəsi 2015 Ermənistan Aram Şahbazyan 1915-ci il hadisələri. Film beş avropalı missioner qadının – danimarkalı Mariya Yakobsen, Karen Yeppe, norveçli Bodil Byörn, isveçli Alme Yohansson, eston Anne Hedviq Byullun erməni qadın və uşaqların yardımı fonunda hadisələri anladır.
    7 Bir çılğının hekayəsi 2015 Fransa, Livan, İsveçrə, Ermənistan erməniəsilli, fransız Rober Gediqyan 1915-ci il  hadisələri. Süjet xətti bir erməni terrorçusunun 1980-ci illərdə türk diplomatın qətlindən və bu qətlin 1915-ci il hadisələrindən qaynaqlandığından bəhs edir.  
    8 Arximandritin susması 2016 Ermənistan Viqen Çaldranyan Erməni tarixi. Bəstəkar Komitasın həyatı.
    9 Xətt 2016 Ermənistan Mqer Mkrtçyan Qarabağ.
    10 Son sakin 2016 Litva, İsveç, Livan, Amerika Civan Avetisya Qarabağ.
    11 Zəlzələ 2016 Rusiya, Ermənistan. Sarik Аndreasyan 1988-ci il zəlzələsi.
    12 Zəng 2016 Ermənistan Quz Tadiosyan 1915-ci il hadisələri.
    13 Yeva 2017 Ermənistan, İran iranəsilli erməni Anahid Abad Qarabağ. Film İranın məşhur “Farabi” kino fondu tərəfindən çəkilib.
    14 Spitak 2018 Rusiya, Ermənistan Aleksandr Kott 1988-ci il zəlzələsi.
    15 Cənnət qapısı 2019 Litva, Ermənistan, Almaniya, Fransa, Bolqarıstan, Çexiya, İtaliya, Amerika Civan Avetisyan Qarabağ.
    16 Uzun gecə 2019 Ermənistan Edqar Baqdasaryan 1915-ci il hadisələri
    17 Mənim yüküm 2019 Rusiya, Ermənistan Şavarş Vardanyan Qarabağ.
    18 Qılınclarla rəqs 2019 Rusiya, Ermənistan Yusup Razıkov bəstəkar Aram Xaçaturyanın həyatı.
    19 Blokada 2020 Fransa, Ermənistan, Almaniya, Yunanıstan Akop Melkonyan Qarabağ. Filmin süjetinə əsasən, Birinci Qarabağ müharibəsindən sonra Tovuz rayonu ilə sərhəddə yerləşən Çinari kəndində guya, bizim milli ordumuz 20 dinc sakini qətlə yetirib.
    20 Solomonun mahnıları 2020 Ermənistan Arman Nşanyan 1915-ci il hadisələri. Filmin prodüserlərindən biri Nik Vallelonqa bir neçə nominasiyada Oskar qazanmış “Yaşıl kitab” bədii filminin ssenaristlərindən biridir. Film “Ən yaxşı ssenari” nominasiyasında da Oskara layiq görülüb.
    21 Külək sakitləşərsə 2020 Ermənistan, Fransa, Belçika Nora Martirosyan Qarabağ
    22 Amerikalı 2021 Ermənistan Maykl Qurdjian 1915-ci il hadisələri, 1930-cu illər Ermənistanı.
    23 Gizli xəritə 2021 Ermənistan, Amerika Ani Hovannisyan 1915-ci il hadisələri.
    24 İnqilab 2021 Ermənistan Ara Çaqaryan, Artaşes Matevosyan Ermənistan tarixi, Qarabağ
    25 Müharibənin üzləri 2021 Ermənistan Harayr Sarqsyan Qarabağ.
    26 Avroranın doğuşu 2022 Almaniya, Litva, Ermənistan İnna Sahakyan 1915-ci il hadisələri.
    27 Amerikalı xoşməramlılar 2022 Ermənistan Ara Mnatsakanyan 1915-ci il hadisələri.
    28 Tonratun, erməni tarixi qadınların dili ilə 2022 Ermənistan, Fransa İnna Mxitaryan Erməni tarixi, mədəniyyəti, müharibə
    29 Tezeta 2023 Ermənistan, Amerika Aramazt  Kalayjian, Qaregin Papoyan 1915-ci il hadisələri, bəstəkar Nerses Nalbandyanın hekayəsi
    30 Rəssamın üç məzarı 2023 “Qızıl ərik” kinonun inkişaf fondu. Arutyun Xaçatryan, Ruben Xaçatryan Erməni rəssamı Vaqan Ananyanın həyatı.
    31 Suren 2023 Ermənistan, Rusiya Valeri Vardanyan Qarabağ. Ötən il filmin Rusiyada premyerası baş tutub. Süjetə görə, hadisələr 2020-ci ilin noyabrında Qarabağda baş verir. Rus hərbçisi 44 günlük müharibə zamanı Qarabağda yaşayan ermənilərin çıxarılması tapşırığını alır. Suren adlı erməni kənddən çıxmaq istəmir.
    32 Arno Babacanyan. Sevginin yaşı 2023 Ermənistan Vaqa Vardanyan bəstəkarın taleyi.
    33 Olub, olmayıb 2024 Ermənistan Emili Mkrtçyan  Qarabağ.
    34 Zako – film-layihə 2024 Ermənistan Tiqran Arakelyan rəssam Sarqis Manqasaryanın həyatı
    35 Mərhəmətin qızıl zənciri 2024 Ermənistan Arman Çilingaryan 1915-ci il hadisələri.
    "Suren" filmi, 2022-ci ildə istehsal olunub
    "Amerikalı", 2021-ci ildə istehsal olunub
    "Külək sakitləşərsə", 2020

    Digər mövzular, yerli prokat və büdcə haqda bir neçə kəlmə…

    Müasir erməni kinosunda çəkilən digər mövzular arasında partriarxal ənənələrdən əziyyət çəkən qadınların, postsovet dövrünə uyğunlaşa bilməyən fərdlərin, həyatın mənasını axtaran insanların hekayələri üstünlük təşkil edir: “Mübarizə” (2023, rejissor: Lilit Movsisyan),”Beş xəyalpərvər və at” (2022, rejissorlar: Vaqan Xaçaturyan, Aren Malakyan), Çnçik (2020), “Dağlar, günəş və sevgi” (2019, rejissorlar: Mikael Poqosyan, Qarik Maşkaryan), “Zülali” (2021, rejissor: Aram Şahbazyan), “Yaşa və Leonid Brejnev (2023, rejissor: Edqar Baqdasaryan) və digərlərini misal çəkmək olar.

    Ölkənin kommersiya kinosu haqda internetdə geniş məlumatlar olmasa da, bu istiqamətdə müxtəlif janrlarda çəkilən filmlərin bir qismi keçmiş Sovet ölkələri ilə müştərək işlənilib: “Ürəkdəki ev” (rejissor: Qraç Keşişyan, Rusiya, Ermənistan), “Şən ailə” (rejissor: Mixail Poqosov, Ermənistan, Estoniya), “Sabahın xeyir” (rejissor: Anna Arevşatyan, Ermənistan, Rusiya) və s.

    Bir neçə film haqda isə ayrıca danışmaq istəyirəm. Belçika, İtaliya, Niderland, Bolqarıstan və Ermənistanın birgə istehsalı olan “Luka” (2023, rejissor: Cessika Vudvort) filmi Dino Buzattinin “Tatar çölü” əsərinin adaptasiyasıdır. Əsas rollardan birini erməni aktyoru Samvel Tadevosyan oynayır, onun tərəf müqabillərindən biri isə Ceraldin Çaplindir. Filmin prodüserlərdən biri Anjela Franqyandır. Film öz vətənini işğaldan qoruyan snayper haqdadır.

    Rejissor İnna Saakyan və Pol Koenin ekranlaşdırdığı “Mel” (2022) sənədli filmi cinsini dəyişdirdiyinə görə Emrənistanda təzyiqlərlə üzləşən, Niderlandda yaşayan ağır atletika üzrə idmançı Meline Daluzyanın hekayəsidir.   

    2018-ci ildə Ermənistan Milli Kino Mərkəzinin dəstəyilə çəkilən “Onun haqqında, yaxud o, necə ayıdan qorxmadı” (Narine Mkrtçyan, Arsen Azatyan) bədii filminin süjeti isə 2015-ci ildə Gümrüdə baş vermiş kütləvi qətl hadisəsinə əsaslanır. Gümrüdə yerləşən, Rusiyanın 102 saylı hərbi bazasının hərbçisi Valeri Permyakov onda Avetiysanın ailəsini öldürmüşdü. Erməni rejissorları filmdə qəhrəmanı İvan adlandırıblar və bu hekayəyə paralel olaraq “İvan və ayı” haqda nağıl göstərilir. Bu qətl hadisəsindən sonra şəhərdə keçirilən kütləvi etirazlardan kadrlar da filmə salınıb. Film Serj Sarqsyanın hakimiyyəti dövründə çəkildiyindən, müəlliflər onun filmi ekrana buraxmayacağından ehtiyatlanıblar. Amma, Paşinyanın hakimiyyətə gəlməsilə filmin qarşısındakı maneə götürülüb və premyera Rotterdam festivalında baş tutub, bundan başqa, digər festivallarda da göstərilib.

    Ermənistanda hər il prokata çıxan yerli filmlərin sayı və gəliri, hazırkı istehsala aid məlumatlar, kinoya ayrılmış büdcə barədə internet resurslarında dəqiq məlumat tapmaq çətindir. Lakin ötən il keçirdiyi mətbuat konfransında Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Ara Xzmalyan bildirmişdi ki, 2023-cü ildə kinoya ayrılan büdcə 70 faiz – 199 milyon drama qədər artıb… Uğurlu yerli filmlər prokatda 7 aya qədər qala bilir. Son bir neçə ildə bilet satışı artsa da, Ermənistanda profilli arthaus kinoteatrları yoxdur.

    Erməni kinosunun nüfuzlu kinofestivallarda iştirakı 74 faizə çatıb, təkcə 2023-cü ildə 10 erməni filmi 28 mükafat qazanıb. “Amerikalı” isə Oskarın qısa siyahısına düşüb.

    İDFA-dakı uğur…

    Ötən il erməni rejissoru Şoğakat Vardanyanın “1489” sənədli filmi nüfuzlu İDFA sənədli kinofestivalında qalib oldu. Film, Qarabağ müharibəsində itkin düşən, bir il sonra cəsədi tapılan erməni əsgəri haqqındadır. Vardanyan, telefonla çəkdiyi filmində işğalçı əsgərin hekayəsini dünyaya “əzabkeş xalqın faciəsi” kimi təqdim edir.

    "1489” filmi, 2023-cü il istehsalı

    Azərbaycanda bəzi sosial şəbəkə istifadəçiləri, şərhlərində qeyd edirlər ki, bizim rejissorlar da Qarabağ hekayələrini telefonla çəkərək dünyaya çıxara bilər və bu zaman dövlətin maliyyə dəstəyinə ehtiyac yoxdur. Doğrudan da, biz elə dövrdə yaşayırıq ki, mobil telefonla çəkilən bir film dünyada səs-küy doğura, mükafat qazana bilər. Lakin vacib bir məqamı nəzərə almalıyıq. Sadə bir erməni qızının çəkdiyi debüt işin nüfuzlu festivala düşməsi və birdən-birə iki mükafata layiq görülməsi elə-belə baş vermir. Vardanyanın İDFA-da mükafat almasına səbəb, hər şeydən əvvəl, Ermənistan kino qurumlarının festivallarla ardıcıl işləməsi, davamlı festival siyasətinin nəticəsidir. 1988-ci ildən Amsterdamda keçirilən İDFA-nın ilk qaliblərindən biri erməni rejissoru Ruben Qevorkyans (“Adalar” filmi) olub. Ruben Qevorkyans millətçi və Qaregin Njde haqda qeyri-sağlam təfəkkürlə çəkilmiş filmin dəstəkçilərindən biridir. Vardan Hovhannisyanın Qarabağ mövzusundakı “Müharibə və sülh dövründə insan hekayələri” filmi 2007-ci ildə IDFA-da Yoris İvens mükafatına nominant olub. Bu festivalın direktoru əslən suriyalı olan Orva Nirabiya, 2022-ci ildə keçirilən “Qızıl ərik” festivalının münsiflər heyətinün üzvlərindən biri idi. Yaxud, Artavazd Peleşyan İDFA-da kinoya verdiyi töhfələrə görə xüsusi mükafat alıb…

    “Qızıl ərik” festivalı

    Festivallardan söz düşmüşkən…  2004-cü ildən bəri Yerevanda keçirilən “Qızıl ərik” regionda ən nüfuzlu  beynəlxalq kinofestivaldır. Festival sənədli film rejissoru Arutyun Xaçatryan, ssenarist Mixail Stamboltsyan və kinotənqidçi Susan Arutyunyan tərəfindən təsis edilib. Nazirliyin iştirakilə keçirilən festivalın devizi “Mədəniyyət və sivilizasiyaların kəsişməsi”dir. “Qızıl Ərik” festivalına “Ən yaxşı tammetrajlı bədii film”, “Ən yaxşı tammetrajlı sənədli film”, “Erməni panoramı”, “Ən yaxşı qısametrajlı film” (bu nominasiyanın mükafatı “Ərik dənəsi” adlanır) və digər yarışma proqramları daxildir. Həmçinin, FİPRESSİ-nin mükafatı nəzərdə tutulur. Məşhur kinematoqrafçılara, kinodakı töhfələrinə görə “Paracanov” mükafatı verilir ki, onların arasında Takesi Kitano, Darden qardaşları, Karlos Reyqadas və digərləri var. Bundan başqa, festivalda GAIFF Pro prodüser platforması nəzdində kino məktəbi fəaliyyət göstərir. Burada təhsil pulsuzdur və məşhur kino mütəxəssisləri dərs verir. Məktəbə qəbul müsahibə yolu ilədir. Məqsəd, pul xərcləmədən kino çəkməyi öyrətmək, kino sənətinin təbliğatıdır. Kino məktəbinin tələbələri Kşiştof Zanussinin, Abbas Kiarostaminin, Yos Stellinqin rəhbərliyi ilə filmlər çəkib.

    “Qızıl ərik” festivalının stabil keçirilməsi, yerli kinematoqrafçılarda kino ilə məşğul olmaq həvəsini daha da gücləndirdi. İndiyə qədər festivalın qonaqları arasında  Kler Deni, Teo Angelopulos, Darden qardaşları, Lav Diaz,  Filipp Bober, Tonino Querra, Darren Aronofski, Pol Şreder, Karlos Reyqadas, Terri Corc və digər məşhur kinematoqrafçılar olub. Festivalda Lokarno, San Sebastyan, Kann festivallarında mükafat qazanmış, həmçinin, Oskar almış filmlər nümayiş edilir. “Qızıl ərik” Rotterdam, Pusan festivalları ilə sıx əməkdaşlıq edir.

    2022-ci ildə “Qızıl ərik” Qarabağ müharibəsinə xüsusi diqqət ayırıb və festivalın proqramında bu mövzuda çəkilən müştərək filmlər yer alıb. Azərbaycana qarşı kadrların yer aldığı “Görünməyən respublika” filmi amerikalı Karin Hovhannisyan tərəfindən lentə alınıb. 44 günlük müharibə haqda olan film Amerikada, Böyük Britaniyada prokata buraxılıb.

    Bundan başqa, Ermənistanda hər il 2004-cü ildən bəri “Rolan” beynəlxalq uşaq kinofestivalı keçirilir. Rolan Bıkov fondu tərəfindən təsis edilən festivalda “Ən yaxşı tammetrajlı bədii film”, “Ən yaxşı animasiya filmi” və digər nominasiyalarda müsabiqələr var.

    Kino haqda  qanun

    2023-cü ilin ikinci yarısında  Ermənistan parlamenti “Kino haqda qanun”a dəyşiklikləri qəbul edib.  “Kino haqda qanun” Fransa, Polşa, Almaniya, Gürcüstan və Venesuelanın təcrübəsinə söykənir və   mütəxəssislərin fikrincə, kino istehsalı bu ölkələrdəki modelə əsaslanarsa, effektivlik çox olacaq. Bu qanun erməni kinosunun Avropa İttifaqının “Media” proqramına inteqrasiyasını mümkün edir. “Media”  Avropa İttifaqının mədəni, audiovizual sektora dəstək verən “Kreativ Avropa” proqramına daxildir. Bu proqramın dəstəyilə çəkilən filmlər Avropa bazarından kənara, yeni bazarlara çıxır. “Media” eyni zamanda, kino üzrə təhsili də maliyyələşdirir.

    Erməni ekspertlərinin fikrincə, “Kino haqda qanun” xarici sərmayələr üçün əlverişli şərait yaradacaq, xüsusilə, Ermənistan ərazisində istehsal olunacaq filmlər üçün. Məsələn, əgər film 100 milyon dram civarında büdcəyə malikdirsə, onun istehsalı zamanı bəzi xidmətlərin qiyməti aşağı olacaq, kinoşirkətlərə gəlirin 10-40 faizi qaytarılacaq. Bu, xüsusilə, ölkənin tarixi yerlərində film çəkən şirkətlərə aiddir. Artıq Ermənistanda  NETFLIX platforması üçün film və serialların istehsalı planlaşdırılır. Məşhur alman prodüseri və akyoru Til Şvayger “Underdog”, “Dead by Dawn” filmlərinin, “Collapse” serialının çəkilməsi üçün yerli qurumlarla müqavilə imzalayıb. “Kino haqda qanun” qeyri-bərabər şəraitdə işləyən özəl prodakşnların rəqabətli şəraitdə inkişafına köməyi də nəzərdə tutur. Ölkədə problemli sahələrdən biri kinoprokatdır; ölkədə kino zalı azdır ki, bu da kinonun inkişafına mane törədən faktorlardan biridir. Geniş kinoteatr şəbəkəsi yoxdur, kinoteatrların tikilməsi üçün maliyyyə çatmır, amma ekspertlərin fikrincə, qanunda dəyişikliklər prokat sistemini də tənzilməyəcək. Ermənistanda filmlərin istehsalında dövlət iştirak edirsə, pulun yarısını verirsə, bu zaman o, prokatın da məsuliyyətini daşıyır. Əgər dövlət, filmi 100 faiz maliyyələşdirirsə, o zaman ideyasına, məzmununa, yaradıcı prosesə müdaxilə edir. Məsələn, “Anait” cizgi filmi, “Komitas Vardapet” sənədli filmi bütünlüklə dövlətin maliyyəsilə çəkilib. Amma məhz dövlətin hesabına tamamilə maliyyələşən tammetrajlı bədii film yoxdur.

    “Armenfilm”in taleyi

    1923-cü ildən fəaliyyət göstərən “Armenfilm”in taleyinə gəlincə… 2005-ci ildə Dövlət Əmlak İdarəsi “Armenfilm” kinostudiyasının özəlləşdirilməsi üçün tender elan etdi. Tenderdə yalnız bir şirkət, əsas səhmdarı Qafesçyan ailəsinin (Amerikada doğulan Cerard Qafesçyan hüquqşünas olub, öz adına fond təsis edib. Fondun məqsədi Ermənistana yardımdır) olduğu “Armeniya Studios” iştirak edib. Şirkət studiyanı almaq üçün 350 milyon dram təklif edib, həmçinin, 10 il ərzində studiyanı regionun ən müasir kinostudiyalarından birinə çevirəcəyinə söz verib. İlk növbədə studiya əsaslı təmir olunmalı və texniki bazası yenilənməli idi. Nəticədə, şirkət öz öhdəliyini yerinə yetirməyib, arxivdəki erməni filmləri pis keyfiyyətdə rəqəmsallaşdırılıb, dövlətə 10 milyon dollar dəyərində ziyan dəyib, studiyanın tarixi-mədəni dəyərə malik, 2 milyon dram civarında qiymətləndirilən səhnə rekvizitləri, texniki avadanlığı oğurlanıb.  Ötən ilin yanvarında respublika prokurorluğu, yaydığı press-relizdə studiyanın qarəti haqda məlumat verib. Ölkə başçısı Nikol Paşinyan isə təklif edib ki, “Armenfilm”in ərazisində incəsənət liseyi və universiteti açılsın, teatr meydançaları fəaliyyət göstərsin və s. Bu layihə Aştarak şəhərində açılacaq akademik şəhərciyin hissəsi olsun. Paşinyan təklif edib ki, Yerevanda bir ali məktəb belə qalmamalıdır. Bütün ali məktəblər Aştarakdakı akademik şəhərcikdə yerləşdirilməlidir. O, bunu ölkə üçün strateji layihə adlandırıb və bu zərurəti ali məktəblərin standartlara cavab verməməsilə əlaqələndirib. Onun təklifi, həmçinin, “Armenfilm”in akademik şəhərciyə daxil edilməsi fikri ölkədə kəskin tənqid olunub.

    Kinotənqidçi Sevda Sultanova