Ermənistan sülh istəmir
Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib
“Ermənistan sülh istəmir və dövlətlərarası münasibətlərin normallaşması prosesini süni surətdə ləngidir”.
Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 28 May - Müstəqillik Günü münaisbəti ilə keçirilən qəbulda çıxışında bildirib.
Səfir qeyd edib ki, regiondakı hazırkı vəziyyət, Ermənistanın siyasi rəhbərliyinin ritorika və narrativləri qonşularımız sülh istəmədiyinə və dövlətlərarası münasibətlərin normallaşması prosesini süni surətdə ləngitdiyinə bizi inandırır: “Ermənistanın danışıqlar imitasiya praktikasından istifadə edərək revanşist ideyaları ilə yaşamaqda davam etdiyini, üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmək əvəzinə, təxribatlara əl atdığını təəssüflə dərk etmək olar. Bundan başqa, İrəvan ərazilərin minalanması prosesini davam etdirərək, təbii sərvətlərimizin qanunsuz çıxarılmasını həyata keçirməklə, öz silahlı birləşmələrini Azərbaycanın suveren ərazisindən çıxarmamaqla regionda sabitlik və təhlükəsizliyə yeni təhlükə yaradır”, deyə səfir Polad Bülbüloğlu vurğulayıb.
Polad Bülbüloğlu vurğulayıb ki, Azərbaycan Rusiyanın və şəxsən Rusiya Prezidenti Vladimir Putinin Ermənistan-Azərbaycan münaqişəsinin həllində, münaqişədən sonrakı nizamlanma səylərində vasitəçilik rolunu yüksək qiymətləndirir. “Bu gün Rusiya, Ermənistanla münasibətləri normallaşdırmaq yollarını tapmaqda bizim mühüm tərəfdaşımız olmağa davam edir... Mənim ölkəm üçün Rusiya ilə tərəfdaşlığın aydın, proqnozlaşdırıla bilən və məqsədyönlü strateji perspektivi var. Bunun üçün liderlərimizin böyük potensialı və iradəsi var”, deyə səfir əlavə edib.