Ermənistana dəstək onu müəyyən “rahatlıq zonasına” sövq edib
Bunu Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "TV Berlin"ə deyib FOTO/VİDEO
“Ermənistanın yaxın gələcəkdə sülh sazişi layihəsinin yarımçıq, sonadək işlənilməmiş mətninin imzalanması ilə bağlı israrlı təklifləri beynəlxalq ictimaiyyətin gözünə toz üfürmək və əsl niyyətlərini gizlətmək cəhdindən başqa bir şey deyil".
Bu fikri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun TV Berlinə müsahibəsində deyib.
Əmirbəyov qeyd edib ki, qəsdən qeyri-real, buna görə də Azərbaycan üçün qəbuledilməz olan təklifin irəli sürülməsi bir tərəfdən danışıqlar prosesini ləngitmək və vaxt udmaq cəhdi, digər tərəfdən isə hər kəsin nəticə gözlədiyi danışıqlar prosesinin məsuliyyətini Azərbaycanın üzərinə atmaq üçün kifayət qədər primitiv cəhddir.
Buna Ermənistanın müttəfiqlərinin və himayədarlarının köməyi ilə fəal şəkildə həyata keçirdiyi hərbiləşdirmə kursunu, müxtəlif beynəlxalq platformalarda diplomatik qarşıdurmanı davam etdirməsini də əlavə etsək, aydın olar ki, əslində Ermənistan normallaşma prosesini süni surətdə gecikdirir və onun tamamlanması erməni tərəfi üçün prioritet deyil.
Son zamanlar Ermənistana xarici iqtisadi, diplomatik, maliyyə və hərbi dəstəyin sürətləndirilməsi Ermənistanı müəyyən “rahatlıq zonasına” sövq edib və onu danışıqlar prosesində ciddi iştirakı davam etdirmək üçün hər hansı motivasiyadan məhrum edib. Digər tərəfdən, normallaşma prosesinin özünün perspektivlərini sarsıdaraq, erməni tərəfində növbəti riskli illüziyaların yaranmasına şərait yaradır.
Ermənistan, eləcə də bu gün Ermənistan-Azərbaycan sülh prosesinin tezliklə uğurla başa çatmasının tərəfdarı olanlar nəhayət sadə həqiqəti başa düşməlidirlər - Ermənistanın Azərbaycana davam edən ərazi iddiaları probleminin effektiv və təcili həlli olmadan, ilk növbədə Ermənistanın hazırkı Konstitusiyasında öz əksini tapdığına görə Ermənistan-Azərbaycan qarşıdurmasının əsas səbəbini aradan qaldırmaq mümkün olmayacaq və müvafiq olaraq, iki ölkə arasında davamlı, etibarlı və dönməz sülhə nail olmaq mümkün olmayacaq.
Beləliklə, top bu gün Ermənistan tərəfindədir və ümid edirik ki, Ermənistan münasibətlərimizdə faciəli səhifəni birdəfəlik çevirmək üçün tarixi şansı əldən verməyəcək.