Ermənistanın əhalisi yaxın 10 ildə 800 min nəfər azala bilər
Bu barədə "Sputnik Armenia" nəşri analitik məqalə dərc edib
Ermənistanın əhalisi yaxın 10 ildə 800 min nəfər azala bilər.
Bu vəziyyətin əsas səbəbləri doğum səviyyəsinin aşağı olması, mühacirət və Dağlıq Qarabağdakı müharibənin nəticələridir.
Yaxın 10 ildə Ermənistanın əhalisi 800 min nəfər azalaraq 2,2 milyon nəfərə düşə bilər.
"Əgər bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq", - Ermənistan Hesablama Palatasının rəhbəri Nairi Sarkisyan bildirib.
O cümlədən, ötən il 48 min vətəndaş Ermənistanı tərk edib və geri qayıtmayıb. Ukraynada Xüsusi Hərbi Əməliyyat başladıqdan sonra Rusiyaya gedən vətəndaşların sayı azaldı, lakin ABŞ-da yaşıl kartlar qazanmaq üçün növbələr düzülüb.
Hesablama Palatasının rəhbəri ilin sonuna kimi vətənini tərk edənlərin sayının 2023-cü ilin göstəricisindən çox ola biləcəyini istisna etmir.
Ermənistanda orta doğum əmsalı da dəyişikliklərə məruz qalıb. Rəsmi olaraq, 1,6 - 1,7 aralığında qalır (təbii çoxalma həddi 2,1 sayılır). Lakin Qarabağ müharibəsindən sonra çoxsaylı qurbanlar və əlillər fonunda hesablama dəqiqləşdirilməyib.
“Biz güman edirik ki, göstərici azalıb və 1,4-1,5 arasında dəyişir”.
Sarkisyan qeyd edib ki, müəyyən xarici demoqrafik proseslər də əlavə ciddi çağırışdır, xüsusən, söhbət 300 min azərbaycanlının Ermənistan ərazisinə köçürülməsi proqramından gedir.
İşsizliklə bağlı da pat vəziyyəti hökm sürür. Ölkədə 1 milyon 150 min insan nəinki sərvət yaratmır, hətta özlərinin də sosial qayğıya ehtiyacı var. Onlardan 204 mini işsizdir, 960 mini isə iş prosesində iştirak etmir (pensiyaçılar, uşaqlar, əlillər).
“560 minə yaxın insan sosial müavinət və pensiya alır, qeydiyyatda olan işçilərin sayı isə 760 min nəfərdir, yəni təqribən 1,3 nəfər təkcə özünün və ailəsinin rifahını təmin etmir, həm də gəlir vergisi hesabına pensiya və ya müavinətləri ödəyir”, - Sarkisyan bildirib.
Torpaq və su ehtiyatlarına gəlincə, Sarkisyan vurğulayıb ki, Ermənistanda kənd təsərrüfatına yararlı torpaqların 60%-dən çoxu hələ də əkilməmiş və istifadəsiz olaraq qalır. Eyni zamanda, su ehtiyatlarının 70%-i idarə olunmur və Ermənistandan Azərbaycana itki şəklində axır.
Sarkisyan vurğulayıb ki, bütün bunlar birlikdə ölkədə fəlakətli vəziyyətə gətirib çıxarıb.
İlkin siyahıyaalma məlumatlarına görə, Ermənistanın daimi əhalisi 2 milyon 928 min 914 nəfər, Lakin yerlərində olan əhalinin sayı 2 milyon 638 min 917 nəfərdir.
BMT 2050-ci ilə qədər Ermənistan əhalisinin 300 min nəfər azalacağını proqnozlaşdırır.