Ermənistanın “Sülhün kəsişməsi” layihəsi VİDEOÇARXda
İşğalçı dövlətin hökuməti “Sülhün kəsişməsi” layihəsini sülh gündəliyinin mühüm hissəsi kimi hazırlayıb
Ermənistan Respublikasının hökuməti “Sülhün kəsişməsi” layihəsini videoçarxda təqdim edib.
İşğalçı dövlətin hökuməti “Sülhün kəsişməsi” layihəsini sülh gündəliyinin mühüm hissəsi kimi hazırlayıb.
Bildirilib ki, sözügedən layihənin əsas mənası Ermənistan, Türkiyə, Azərbaycan və İran İslam Respublikası arasında avtomobil yollarının, dəmir yollarının, boru kəmərlərinin, kabellərin, elektrik xətlərinin təmiri, tikintisi və istismarı ilə kommunikasiyaların inkişafıdır.
“Otuz ildir ki, Ermənistanın cənubundan və şimalından keçən dəmir yolları regional miqyasda işləmir, şərqlə qərbi birləşdirən bir çox magistral yollar da işləmir, halbuki bu yolların yenidən işə salınması Ermənistanı Xəzər dənizindən Aralıq dənizinə həm dəmir yolu, həm də avtomobil yolu ilə birləşdirən qısa və səmərəli marşrut olacaq”, - hökumət bildirib.
Baş nazir Nikol Paşinyanın sözlərinə görə, bu dəmir yolu və avtomobil kommunikasiyaları körfəzi Qara dənizə, o cümlədən Gürcüstan limanlarına birləşdirən təsirli yol ola bilər.
“Bu proqram regionumuzun bütün ölkələri üçün böyük fayda verəcək və mən hökumətlərin və özəl investorların diqqətini bu fürsətə cəlb etmək istəyirəm”, - Paşinyan deyib.