XƏBƏRLƏR / Diplomatiya

Ermənistanla sülh müqaviləsinə dair yekun razılaşma yoxdur

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib

Ermənistanla sülh müqaviləsinə dair yekun razılaşma yoxdur
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlarda yekun razılaşma yoxdur.

    Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir:

    "Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb. İki maddə üzrə isə açıq suallarımız var. Hazırda açıq suallar üzrə danışıqlar davam edir. Ancaq hələ ki razılığa gəlmək mümkün olmayıb".

    Nazir həmçinin xatırladıb ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur: "Biz Ermənistandan bu istiqamətdə qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfinin gətirdiyi arqumentlər bizi qane edə bilməz. Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin növbəti qərarı olub və məsələni daha da mürəkkəbləşdirib. Belə ki, Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu barədə qərar qəbul edilib. Bu isə vəziyyəti mürəkkəbləşdirir. Çünki məhz Ermənistan Konstitusiyasının preambulasında ölkənin müstəqillik aktına istinad var və həmin akt Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozur".

    O, həmçinin deyib: "Bu il Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində müsbət irəliləyişlər olub. Buna bu ilin aprelində ilk dəfə olaraq iki ölkə arasında dövlət sərhədinin müəyyən hissəsinin delimitasiyasının və demarkasiyasının həyata keçirilməsini qeyd etmək olar.

    Nazir bildirib ki, Ermənistanla sülh müqaviləsi üzrə fiziki görüşlər həyata keçirilib. Həmçinin mətn üzrə mübadilələr davam etdirilib. Açıq sualların olmasına baxmayaraq, sülh müqaviləsi prosesində bəlli irəliləyişlər də əldə edilib.

    Nazir həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın öz öhdəliklərini tam yerinə yetirməsindən asılıdır

    Onun sözlərinə görə, bu məsələdə yekun müsbət qərar yoxdur.

    Nazir bildirib ki, Azərbaycan öz ərazisində işləri sürətlə davam etdirir: "Dəmiryolu tikintisinin böyük hissəsi artıq başa çatıb, digər hissəsi ilə bağlı işlər görülür. Eyni zamanda İranla əldə olunmuş razılığa əsasən, Araz çayı üzərində körpünün tikintisi davam etdirilir. Yəni Azərbaycanın qərb sərhədi ilə Naxçıvan arasında İran üzərindən marşrutun inşası üzrə işlər görülür".

    "Qısa marşrut, yəni Ermənistan ərazisi üzrə dəhlizin açılması rəsmi İrəvanın öz öhdəliklərini tam yerinə yetirməsindən asılıdır", - C.Bayramov vurğulayıb.