Əsgəranda kütləvi məzarlıq aşkar edilib FOTO
Qalıqların Xocalı faciəsi zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilir YENİLƏNİB
İşğaldan azad olunan Xocalı rayonunda kütləvi məzarlıq aşkar edilib.
Əsgəran qalasının yaxınlığında aşkarlanan məzarlıqda azı 8 insan qalığı var. Qalıqların Xocalı faciəsi zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilir.
Hazırda müvafiq qurumların nümayəndələri jurnalistlərin iştirakı ilə kütləvi məzarlığa baxış keçirirlər.
1992-ci ilin fevral ayında dinc Xocalı sakinlərinin qətlində iştirakçı olmasını etiraf edən Rəşid Deqlaryan istintaq hərəkətləri zamanı Xocalıdan Ağdam istiqamətində hərəkət edən dinc əhalinin Əsgəran qalası yaxınlığında pusquya salınaraq qətlə yetirilməsi və meyitlərinin həmin ərazidə qalanın yaxınlığında basdırılması barədə məlumat verib.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Zaur İsmayılov jurnalistlərə müsahibəsində deyib.
O, bildirib ki, bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən ötən ilin oktyabr-noyabr aylarında axtarış-qazıntı işlərinə start verilib, lakin əlverişsiz hava şəraiti səbəbindən işlər başa çatdırılmayıb. Cari ilin fevral ayından başlayaraq qazıntı işləri davam etdirilib və nəticədə Xocalı sakinlərinə aid olması ehtimal edilən kütləvi məzarlıq aşkar edilib. Mütəxəssislərin ehtimalına görə burada azı 8 şəxsə aid insan qalıqları var. Bundan sonra burada davam etdiriləcək axtarış işləri nəticəsində bu rəqəmin artacağı istisna olunmur.
Növbəti mərhələdə insan qalıqları eyniləşdirilməsi məqsədilə aidiyyəti laboratoriyalara təhvil veriləcək və kimliyi müəyyən olunduqdan sonra nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq.
Qeyd edək ki, yerli və xarici media nümayəndələri Əsgəran qalası yaxınlığında aşkar edilən kütləvi məzarlıq olan ərazidə olublar. İstintaq hərəkətləri zamanı çəkilən videorolikə baxış keçirilib.