XƏBƏRLƏR / İctimaiyyət

Erməni əsirliyindəki hərbçilərimiz Azərbaycana qaytarıldı

Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb

Erməni əsirliyindəki hərbçilərimiz Azərbaycana qaytarıldı
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 15:59

    Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

    Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

    Təhvilvermə prosesində hər hansı insident baş verməyib.

    Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.

    Qeyd edək ki, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.

    ***

    14:30

    Hazırda Qazax və İcevan rayonlarının sərhədində Ermənistanla Azərbaycan arasında saxlanılan hərbçilərin dəyişdirilməsi prosesi başlayıb.

    Bu barədə Ermənistan KİV-nin məlumatında bildirilib. Hadisə yerindən fotolar da yayımlanıb.

    Bir müddət sonra tərəflərin nümayəndələri mübadilə yerinə gələcəklər.

    Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib.

    Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri (Aqşin Bəbirov və Hüseyn Axundov) azad edəcək.

    ***

    Dekabrın 13-də günün birinci yarısında Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu istiqamətində əsirlərin  mübadiləsi həyata keçiriləcək.

    Bu barədə xəbəri “Turan” agentliyi məlumatlı mənbələrə istinadən yayıb.

    Azərbaycanın 32 erməni hərbçini, Ermənistanın isə 2 azərbaycanlı əsgəri azad edəcəyi gözlənilir.

    Erməni hərbçilər 2020-ci ilin dekabrında Hadrut rayonunda və ondan sonrakı dövrdə Ermənistan-Azərbaycan sərhədinin müxtəlif hissələrində və Qarabağın özündə saxlanılıblar.İki azərbaycanlı əsgər - Aqşin Bəbirov və Hüseyn Axundov 2023-cü ilin aprelində Qafan şəhəri ərazisində əsir götürülüb.

    Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib.

    Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri azad edəcək.