Fazil Mustafa ikinci dəfə əməliyyat edildi
Bu barədə deputatın müalicə olunduğu hospitaldan xəbər verilib
“Ötən gün yaşadığı evin qarşısında güllə yarası alan Milli Məclisin deputatı Fazil Mustafa müalicə aldığı tibb müəssisəsində ikinci dəfə əməliyyat olunub”. Bu barədə deputatın müalicə olunduğu hospitaldan xəbər verilib. Fazil Mustafanın çiynindən aldığı yara ciddi olduğundan ikinci əməliyyat lazım olub: “Hazırda onun səhhəti qaydasındadır”.
Xatırladaq ki, ötən gün Sabunçu rayon Zabrat qəsəbəsində millət vəkili Fazil Mustada evinin qarşısında silahlı hücuma məruz qalıb.“Kalaşnikov” avtomatından çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkili Kliniki Tibbi Mərkəzdə yerləşdirilib. Daha sonra DTX-nın hospitalına aparılıb.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.