Fərid Səfərliyə qarşı heç bir dəlil-sübut yoxdur
Bunu Fəridin anası Dilarə Əsgərovaya onun işinə cəlb edilən iranlı vəkil deyib
İranda “casusluq niyyətində” təqsirləndirilən Fərid Səfərliyə qarşı heç bir dəlil yoxdur, bunu anasına onun işinə cəlb edilən iranlı vəkil deyib.
Müdafiəçi Səfərli ilə və hakimlə görüşüb, bu barədə "Turan"a avqustin 9-da oğlu ilə telefonla danışan gəncin anası Dilarə Əsgərova deyib.
O qeyd edib ki, oğlu Qum şəhərində həbsxanada saxlanılıb.
“Vəkil işin materialları ilə tanış olub və mənə bildirdi ki, ona qarşı heç bir sübut yoxdur. Fəridin tanışı olan qız da onun əleyhinə ifadə verməyib. Əksinə, o, Fəridi müsbət xarakterizə edib, onun belə bir niyyətinin olduğuna heç vaxt inanmayacağını və onda şübhəli heç nə görmədiyini bildirib", - Əsgərova deyib.
Onun sözlərinə görə, Səfərlinin işi üzrə daha məhkəmə iclası olmayacaq və hakim özü hökmü elan edib poçtla gəncə göndərəcək.
Lakin məhkəmənin qərar verəcəyi tarix məlum deyil.
Sonuncu iclasda Səfərli hakimdən onun casusluğuna dair sübutların harada olduğunu soruşub, hakim ona qənaətini hökmdə bildirəcəyini söyləyib.
Eyni zamanda, hakim Səfərlinin “casusluq niyyətinin olmasından” “şübhələndiyini”, lakin “nədənsə bunu həyata keçirə bilmədiyini” deyib.
Əsgərova oğlunun kor bağırsağından əməliyyat olunduğunu da bildirib.
"Fəridin halı pisləşib və kor bağırsağından əməliyyatı olunub", - Əsgərova bildirib.
O, eyni zamanda qeyd edib ki, Səfərli əməliyyatın və qayğının çox yaxşı səviyyədə olduğunu deyib.
Əsgərova məhkəmənin oğluna bəraət verəcəyinə inanmır, ona görə də Azərbaycan hakimiyyətini oğlunun taleyini diplomatik danışıqlarda müzakirə etməyə və onun azadlığa buraxılmasını təmin etməyə çağırır.
Almaniyada təhsil alan Fərid Səfərli bu ilin fevral ayında universitetdə birlikdə oxuyarkən tanış olduqları qızla görüşmək üçün İrana gedib.
Martın 4-dən Səfərli ilə əlaqə kəsilib.
Yalnız təxminən 3 aydan sonra məlum oldu ki, İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb, məhkəmə prosesində isə “casusluq niyyəti” kimi təsnif edilib.