XƏBƏRLƏR / Təbiət

FHN qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi bir daha müvafiq təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə xatırlatma edib

FHN qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 17-18-də qərb küləyinin güclənməsi və havanın temperaturunun tədricən yüksəlməsi fonunda bəzi yüksək dağlıq ərazilərdə qar uçqunu olması ehtimalı var.

    Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi bir daha müvafiq təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə xatırlatma edib.

    Bildirilib ki, qar uçqunundan qorunmaq üçün uçqun ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək, qar uçqunu başladıqda isə dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışmaq, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənmək lazımdır.

    Əgər qar uçqunundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atıb, çömbələrək dizlərini özünə sıxıb bədəni axının hərəkət istiqamətinə yönəltmək daha məqsədəuyğun hesab olunur.

    Uçqun sizi yaxalayıbsa bunları etməyiniz tövsiyə olunur:

    - nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf, əlcək, yaxud paltarın yaxalığı ilə örtün;

    - qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya kənarına çıxmağa çalışın;

    - axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın;

    - uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada olduğunu ağızdan axan selikin istiqamətinə görə təyin etmək olar);

    - qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və istiliyi azaldır;

    - soyuqqanlılığınızı itirmədən xilasediciləri gözləyin, yuxuya getməyin.