XƏBƏRLƏR / Məhkəmə

Fransa casusu Martin Rayanın məhkəməsi davam edir

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən çıxış edib

Fransa casusu Martin Rayanın məhkəməsi davam edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə Fransanın xeyrinə casusluqda təqsirləndirilən Martin Rayan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Rayan çıxış edib.

    O, ifadəsinin tərcüməsi zamanı bəzi terminlərin aydın ifadə olunmadığını bildirib: "Bəzi məqamlara aydınlıq gətirmək istəyirəm. "Gizli əməkdaşlıq”, “gizli görüşlər” ifadələri fransız dilinə tərcümə olunanda “gizli görüşlər” kimi başa düşülürdü, lakin onlarla heç bir gizli görüş keçirməmişəm. Bu barədə bir çox şəxslərlə, o cümlədən Azad Məmmədli ilə söhbətlər aparmışam”.

    Sonra M.Ryanın ifadəsi oxunub. Məhkəmə sentyabrın 8-də davam etdiriləcək.

    Xatırladaq ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs ediliblər.“Merkorama” MMC-nin baş direktoru Martin Rayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham olunub. İttihama görə, M.Ryan sonradan “persona non qrata” adı ilə Azərbaycandan qovulan Fransa DGSE-nin (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən casus agenti kimi istifadə edilib. Bu cinayət işində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən Azərbaycan vətəndaşı Azad Məmmədli də iştirak edir.