XƏBƏRLƏR / Seçki

Fransada seçkilərdə Yeni Xalq Cəbhəsi qalib gəlir

Makronun koalisiyası ikinci yerdədir YENİLƏNİR

Fransada seçkilərdə Yeni Xalq Cəbhəsi qalib gəlir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 06.56

    Yeni Xalq Cəbhəsi solçu alyansı Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) növbədənkənar seçkilərdə qalib gələrək 182 yer qazanıb.

    Bu barədə “Le Monde” qəzeti ölkənin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən bildirib.

    İkinci yeri 168 mandat qazanan “Birgə!” prezident koalisiyası tutur. Parlamentin aşağı palatasında üçüncü ən böyük fraksiya 143 yerlə Milli Birlik olacaq.

    Nəşrin məlumatına görə, “Respublikaçılar” da 45 yer alaraq parlamentin aşağı palatasına daxil olurlar. Bundan əlavə, Milli Assambleyanın yeni tərkibinə müxtəlif kiçik sağçı və solçu birliklərin 39 nümayəndəsi daxil olacaq.

    Beləliklə, əsas siyasi qüvvələrdən heç biri mandatların mütləq əksəriyyətini almır ki, bu da yeni hökumətin formalaşdırılmasını çətinləşdirir. Fransanın Baş naziri Qabriel Attal bazar ertəsi istefa vermək niyyətində olduğunu bildirib.

    Fransa Prezidenti Emmanuel Makron prezident koalisiyasının Avropa Parlamentinə seçkilərdə məğlub olmasından sonra iyunun 9-da Milli Assambleyaya növbədənkənar seçkilər təyin edib. Seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də baş tutub.

    Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinin elan edilməsindən sonra vəziyyət gərginləşib.

    “Figaro” xəbər verir ki, böyük şəhərlərin çoxunda etiraz aksiyaları keçirilib. Parisin Respublika meydanındakı aksiya isə daha izdihamlı olub. Dinc başlayan aksiya polisin müdaxiləsindən sonra qarşıdurmaya çevrilib. Polis narazı kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin dəyənəklərdən istifadə edib.

    Nant şəhərində keçirilən aksiyada bir polis əməkdaşı xəsarət alıb.

    ***

    07.07.2024

    23:54

    Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərin ikinci turu başa çatıb.

    "Le Figaro" xəbər verir ki, rusiyayönlü Marin Le Penin partiyası məğlub olub.

    LePen

    "Ekzit-poll"un nəticələrinə görə, gözlənilmədən seçkilərdə birinci yeri 180-dən 215-ə qədər toplaya bilən ultra solçu Yeni Xalq Cəbhəsi tutur.

    İkinci yerdə 150-180 mandatla Emmanuel Makronun prezident koalisiyası gəlir.

    LePenin Milli Birlik partiyası isə artıq üçüncü yerdədir və yalnız 120-150 mandata arxalana bilər.

    Amma bu üç partiyadan heç biri parlamentdə mütləq səs çoxluğu əldə etmir, bu isə o deməkdir ki, onlar koalisiya danışıqları aparmalı olacaqlar.