Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
Bu mərhələdə 68 nəfərdən ibarət 24 ailə doğma şəhərinə qayıdır
Avqustun 21-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə köç karvanı yola salınıb.
Bu mərhələdə 68 nəfərdən ibarət 24 ailə doğma şəhərinə qayıdır.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Qeyd edək ki, avqustun 18-də Füzuli şəhərinə ilk köç baş tutub, 90 nəfərdən ibarət olan 23 ailə doğma şəhərinə qayıdıb.
Birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin (509 nəfər) köçürülməsi nəzərdə tutulur.