Gəncə cinayətini törədənlərin bəzisi həbs olunub
Bunu Baş prokuror Kamran Əliyev Gəncədə jurnalistlərə açıqlamasında deyib
Gəncənin Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən raketlə vurulmasından 3 il ötür. Bu cinayəti edənlərin və azərbaycanlılara qarşı digər cinayətləri törədənlərin artıq bir neçəsi həbs edilib.
Bunu Baş prokuror Kamran Əliyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.
Baş prokuror bildirib ki, hazırda onlar barəsində istintaq hərəkətləri aparılır: "Bu, hadisələrin ildönümü ərəfəsində təsəlli verir. Həm birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi dövründə, daha sonra isə atəşkəs dövründə azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı cinayət işləri açılıb. Hərbi Prokurorluqda, Baş Prokurorluqda və Dövlət Təhlükəsizliyi Xidmətində bu cinayət işləri üzrə istintaq hərəkətləri aparılır”.
Xatırladaq ki, 2020-ci ildə ermənilərin bir neçə dəfə Gəncəni bombalaması nəticəsində 27 dinc sakin həlak olub, 125 nəfər yaralanıb.