Gəncliyimizin əfsanəsi Toto Kutunyo VİDEO
2008-ci il noyabrında Bakıda konsert proqramı ilə çıxış etmişdi
Dünya şöhrətli İtaliya müğənnisi, bəstəkar Toto Kutunyo da köçdü bu dünyadan...
80-ci illərdə qızların kümirinə çevrilmişdi, daha doğrusu "L`italiano" mahnısı... 14-15 yaşlı qızlarla bir yerə yığışanda (o vaxtkı yaşıdlarımız) çalıb-oxuduğumuzun əvvəlində, Şuşada tələbələrin keçirdiyi diskotekalarda Toto Kutunyonun bu mahnısı gəlirdi... Bir dəfə Laçında olanda Mədəniyyət evindən plastinkasını da gətirmişdim. Əfsanə kimi baxırdıq ona...
Adriano Çelentano, Co Dassen, Dalida kimi bir çox ifaçılarla əməkdaşlığı var idi...
Pop veteranı 80 yaşında - avqustun 22-də Milanda San Raffaele xəstəxanasında dünyasını dəyişib.
Uzun illərdir xərçəngdən əziyyət çəkən müğənninin vəziyyəti son aylarda pisləşmişdi.
Müğənni 2007-ci ildə Milandakı San Raffaele xəstəxanasında bədxassəli prostat şişindən əməliyyat olunmuşdu. Son illər isə səhhəti daha pisləşmişdi. Bir dəfə demişdi ki, sağ böyrəyi çıxarılıb, ona görə də ayaqüstə çox qala bilmir.
Toto Kutunyo 1943-cü ildə Fosdinovo şəhərində anadan olub. 1975-ci ilin əvvəlində Kutunyo "Albatros" qrupu ilə çıxış etməyə başlayır. 1990-cı ildə Toto Kutunyo "Insieme: 1992" mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsinin qalibi olur. 1998-ci ildən 2000-ci ilə qədər Toto Kutunyo İtaliya televiziyasında "Sizin faktlar" ("I fatti vostri") proqramının aparıcısı olur və öz musiqi fəaliyyətini davam etdirərək müxtəlif ölkələrdə qastrollarda olur.
Toto Kutunyo Bakıda da olub. 2008-ci il noyabrında Heydər Əliyev Sarayında, "Qatar" adlı konsert proqramı ilə çıxış edib. 2013-cü ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Baku Crystal Hall"da Toto Kutunyo ən məşhur, sevilən hitləri ilə yanaşı, ilk dəfə olaraq, Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i ifa edib.
Dəfn mərasimi avqustun 24-də saat 11-də Milanda, Viale Argonne 56 Basilica Parrocchia dei Santi Nereo e Achilleo-da keçiriləcək.
Sağ olun, sinyor Kutunyo, bizə bəxş etdiyiniz gözəl mahnılara görə...
Məkanınız cənnət olsun!