XƏBƏRLƏR / Hərbi

General Mais Bərxudarov tutduğu vəzifədən azad edilib

Bakı və Şəmkir korpuslarının da komandirləri ehtiyata buraxılıb

General Mais Bərxudarov tutduğu vəzifədən azad edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Quru Qoşunlarının 2-ci Ordu Korpusunun komandanı general-leytenant Mais Bərxudarov tutduğu vəzifədən azad edilməsi ilə bağlı yerli mətbuatda yayılan qeyri-rəsmi məlumatı təsdiqləyib.

    Bərxudarov jurnalistlərə açıqlamasında bildirib ki, o, vəzifəsindən azad edilərək Müdafiə Nazirliyinin sərəncamına verilib. General bu qərardan "heç bir məyusluq hiss etmədiyini" bildirib. “Qərar verilib və mən hazırda sərəncamımdayam”, - deyə Bərxudarov bildirib. O, həmçinin qeyd edib ki, yeni vəzifəyə təyinatla bağlı məlumatı yoxdur.

    Əslən Qubadlı rayonundan olan Mais Bərxudarov Birinci Qarabağ müharibəsində, 2016-cı ilin dörd günlük aprel döyüşlərində və 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edib. 44 günlük müharibədə onun rəhbərlik etdiyi 2-ci ordu korpusu digər hərbi birləşmələrlə birlikdə cənub istiqamətində cəbhə xəttini yarıb Laçına doğru irəliləyib. Bərxudarov bir sıra yüksək hərbi mükafatlara layiq görülüb.

    Bərxudarovun yerinə general-mayor Vilayət Quliyev təyin edilib.

    "ANS Press"-in əldə etdiyi məlumata görə, hal-hazırda Mais Bərxudarov Hadrutda təhvil-təslim edir.

    Digər bir məlumata görə, Bakı korpusu (hazırda Qarabağda yerləşir) və Şəmkir korpusunun da komandirləri ehtiyata buraxılıb.