"Gizlədəcək heç nəyimiz yoxdur"
Bunu Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair istintaqla bağlı deyib

Qazaxıstan AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair istintaqla bağlı: Gizlədəcək heç nəyimiz yoxdur
Qazaxıstanın Rusiya Federasiyasındakı səfiri Dauren Abayev bildirib ki, istintaq ICAO standartlarına uyğun olaraq obyektiv və şəffaf şəkildə aparılır. Burada Azərbaycan, Rusiya və Braziliyanın nümayəndələri iştirak edirlər.
“Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc olunmuş hesabatı ilkindir. Departamentin bildirdiyinə görə, yekun hesabat 2025-ci ilin dekabrına qədər dərc oluna bilər. Bu müddət ICAO-nun tələblərinə, standartlarına və tövsiyə olunan təcrübələrə uyğundur. Yeri gəlmişkən, ICAO ilkin hesabatın səviyyəsini və keyfiyyətini yüksək qiymətləndirib və faktların aydın şəkildə təqdim olunmasını, məlumatın təfərrüatlılığını və dolğunluğunu qeyd edib”, - diplomat qeyd edib.