Təyyarə qəzası ilə bağlı məsələlər nə vaxt həll olunacaq?
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev "Lenta.ru"-ya müsahibəsində bu barədə danışıb
Bakı ötən ilin dekabr ayında baş verən təyyarə qəzası ilə bağlı istintaqın başa çatmasını gözləyir, kompensasiyaların ödənilməsi və günahkarların məsuliyyətə cəlb edilməsi ilə bağlı məsələlərin tezliklə həll olunacağına ümid edir.
Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev "Lenta.ru"-ya müsahibəsində bildirib.
“Ümid edirik ki, maliyyə kompensasiyalarının ödənilməsi və bu faciədə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı bütün məsələlər ən qısa zamanda ölkələrimizi birləşdirən strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ruhunda həll olunacaq. Oktyabrın 9-da Düşənbədə verilmiş bəyanatlar və əldə edilmiş razılaşmalar bu istiqamətdə mühüm addımdır”, - deyə diplomat vurğulayıb.
Səfir Prezident İlham Əliyevin Bakı ilə Moskva arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı sözlərini də xatırladıb: “Bu il onlar demək olar ki, bütün istiqamətlər üzrə uğurla inkişaf ediblər. Müəyyən sahədə daha sürətli, müəyyən sahələrdə daha yavaş, lakin geri çəkilmədən”.
Səfir qeyd edib ki, bu gün ikitərəfli münasibətlərin əsas məsələsi ötən ilin dekabr faciəsi ilə bağlı bütün məsələlərin tezliklə və ədalətli həll edilməsidir.
1 dəqiqə