Rusiyanın İCAO Şurasına seçilmək cəhdi boşa çıxdı
Beynəlxalq Mülki Aviasiya Təşkilatının rədd qərarı haqda Rusiya Nəqliyyat Nazirliyi xəbər verib

Rusiya Nəqliyyat Nazirliyi 2025-2028-ci illər üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurasına seçilmədiyini açıqlayıb.
Şuranın tərkibinə ABŞ və onun yeddi müttəfiqi, həmçinin Çin və Qazaxıstan daxil olunub.
ICAO-ya öz mülki aviasiya donanması olan 193 dövlət daxildir. Rusiya təşkilatın rəhbər orqanına keçirilən seçkilərdə sarsıdıcı məğlubiyyətə uğrayıb.
Bütün bu illər ərzində Rusiyanın Şurada mövcudluğu aviasiya sektoru üçün əhəmiyyətli bir sərvət idi. Bu yolla Moskva ICAO-nun bütün ən mühüm qərarlarında iştirak etməklə, onlara təsir edib.
Qeyd etdiyimiz kimi, Moskva İCAO Şurasına seçilməyi AZAL-a məxsus Embraer 190 təyyarəsinin Rusiya səmasında vurulması haqda yekun hesabatın dərc edilməsi ərəfəsində cəhd etmişdir ki, çıxarılacaq ittihama təsir edə bilsin.
Xatırladaq ki, Azərbaycan Hava Yollarına məxsus Embraer 190 2024-cü ilin 25 dekabrında Rusiya səmasında Hava hücumundan müdafiə qüvvələri tərəfdən Qroznı yaxınlığında vurulmuşdur. Nəticədə Qazağıstanın Aktau şəhəri yaxınlığında qəzalı eniş edən təyyarənin ekipaj üzvləri və sərnişinləri arasında 38 nəfər həlak olmuş, 29 nəfər xilas olunmuşdur. Qəza haqda yekun hesabat bu ilin dekabr ayının sonlarında dərc edilməlidir.