Birləşmiş Ərəb Əmirliklərində ildırımla müşayiət olunan güclü fırtınalar davam edir. Hakimiyyət orqanları əhalini evdə qalmağa, daşqınlara məruz qalan ərazilərdən uzaq durmağa və hava şəraitinin qeyri-sabit qalması səbəbindən səfərləri məhdudlaşdırmağa çağırır. Hazırda intensiv leysanların törətdiyi genişmiqyaslı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
“Gulfnews” portalı xəbər verir ki, əvvəlcə regionu güclü qum fırtınası bürüyüb, bundan sonra başlayan leysan yağışları ölkənin ən böyük şəhərlərindən biri olan Dubayın bir sıra ərazilərini su altında qoyub.
Güclü külək hotellərin yerləşdiyi çimərliklərə ciddi ziyan vurub.
Təhlükəsizlik məqsədilə hakimiyyət orqanları bir neçə şəhər parkını və ictimai çimərlikləri bağlayıb.
Kəskin hava şəraiti ilə əlaqədar “Emirates” və “flydubai” aviaşirkətləri bir sıra reysləri ləğv edib və ya təxirə salıb. Səhiyyə və Ətraf Mühit Nazirliyi zərər çəkmiş ərazilərdə fəaliyyət göstərən özəl şirkətləri distant iş rejiminə keçməyə çağırıb, Əbu-Dabi şəhərində isə kütləvi tədbirlərin keçirilməsi dayandırılıb. Güclü yağışlar zamanı Ras-əl-Xaymada divarın uçması nəticəsində 27 yaşlı hindistanlı mühacir Salman Fariz həlak olub.
Ölkənin Milli Meteorologiya Mərkəzi yağışların, fırtınaların, dolunun, güclü küləyin, tozlu hava şəraitinin və dənizdə güclü dalğalanmanın davam edəcəyi barədə xəbərdarlıq edib.
1 dəqiqə