Yay aylarında gün eynəklərdən günəş şüalarından qorunmaq üçün istifadə edilsə də, onu aksesuar kimi taxanlar da az deyil. Lakin eynəklərin hansı materialdan hazırlanması da böyük əhəmiyyət kəsb edir, çünki mənfi təsirləri olan eynəklər sonradan ağır fəsadların yaranmasına gətirib çıxara bilər. Çalışmaq lazımdır ki, sertifikatı olan eynəklərdən istifadə edilsin. Ucuz günəş eynəklərinin çox vaxt sertifikatı olmur.
Ölkəmizdə günəşli günlərin sayı çox olduğundan gün eynəklərindən yalnız aksesuar kimi deyil, həm də gözləri qorumaq üçün bir vasitə kimi istifadə etmək daha məqsədəuyğun hesab edilir. Bu zaman bizim region üçün spesifik olan quru göz sindromundan qorunmaq da asanlaşar. Həmin xəstəliyə həm cavanlar, həm də yaşlı nəslin nümayəndələri arasında tez-tez rast gəlinir.
Həkim-oftalmoloqlar deyirlər: “Gün eynəyi seçərkən mütləq onun ultrabənövşəyi filtrinə fikir vermək lazımdır. Üzərində UV-400 yazılan eynəklərdə ultrabənövşəyi filtrlərin təsiri normaldır. Həmin göstəricinin bundan aşağı olması eynəyin keyfiyyətsiz olması deməkdir. Gün eynəklərinin 0-dan 4-ə qədər kateqoriyaları var. 0-dan 1-ə qədər olan gün eynəklərinin tərkibində ultrabənövşəyi filtrlər yoxdur. Onun günəşli günlərdə aksesuar kimi istifadə olunması məsləhət görülmür”.
Gün eynəklərindən günəşli hava ilə yanaşı dağlıq ərazilərdə qar və çovğunlu şəraitdə də istifadə olunur.