XƏBƏRLƏR / Qonşular

Gürcüstan separatçılara “qarşılıqlı bağışlama” təklif edir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bunu BMT-nin tribunasından çıxışı zamanı deyib

Gürcüstan separatçılara “qarşılıqlı bağışlama” təklif edir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Gürcüstanın baş naziri İrakli Kobaxidze separatçı Abxaziya və Cənubi Osetiya sakinlərini vahid gürcü dövlətində yaşamağa çağırıb və ölkənin ərazi bütövlüyünün bərpasının yolunu “qarşılıqlı bağışlama”da gördüyünü bildirib. O, bunu BMT Baş Assambleyasının 79-cu sessiyasının tribunasından çıxışı zamanı deyib.

    “Mən işğal xəttinin o tayında, Abxaziya və Sxinvali bölgəsindəki xalqımıza müraciət etmək istərdim. Bütün addımlarımız xalqımıza kömək məqsədi daşıyır. Və bir gün biz uşaqlarımızla birlikdə xoşbəxt, birləşmiş və inkişaf etmiş Gürcüstanda birlikdə yaşaya biləcəyik. Biz ölkəmizdə bütün dağılmış körpüləri bərpa etməliyik”, - Kobaxidze bildirib.

    Daha sonra o, gürcü jurnalistlərə deyib ki, Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək hakimiyyətin əsas prioritetidir.

    “Bizim vəzifəmiz dövlətin bütövlüyünü sülh yolu ilə bərpa etməkdir və bu istiqamətdə yol qarşılıqlı bağışlama və qarşılıqlı barışıqdan keçir”, - Kobaxidze bildirib.

    Gürcüstanın baş naziri Ağ Ev administrasiyasının ABŞ prezidenti Co Baydenlə qəbula dəvətini ləğv etmək qərarına da münasibət bildirib və bunu “ciddi” adlandırıb.

    Bundan əvvəl gürcü mətbuatı Ağ Ev administrasiyasının Kobaxidzeni və Gürcüstan nümayəndə heyətinin üzvlərini Baydenlə qəbula dəvətlər siyahısından çıxardığını yazıb. Daha sonra Tbilisi rəsmiləri bu məlumatı təsdiqləyiblər.

    “Bu barədə xüsusi şərh verə bilmərəm. Ciddi deyil. 3 gün əvvəl dəvət göndərdilər, sonra ləğv etdilər. Bu, müxalifət üçün praktiki effekti olmasa da, müxalifətin xeyrinə bir növ humanitar hərəkət idi. Bu mövzuda əlavə şərh vermək mənim üçün çətin olacaq”, - Kobaxidze bildirib

    Bundan əvvəl hakim “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili demişdi ki, Gürcüstan “(keçmiş prezident Mixail) Saakaşvilinin 2008-ci ildə başlatdığı müharibəyə görə osetinlərdən üzr istəməyə güc tapacaq”.