22:27
Gürcüstanda keçirilən parlament seçkiləri yerli vaxtla saat 20:00-da başa çatıb.
Saat 20:00-a olan ilkin məlumatına görə, seçici fəallığı 58,94 % təşkil edib.
Səslərin 70,9 %-i işlənildikdən sonra “Gürcü Arzusu” 52,98 % səs toplayıb. “Gürcü arzusu”na 921 067 seçici səs verib.
Parlamentə, həmçinin 4 müxalifət partiyası daxil olur:
”Dəyişiklik Koalisiyası” – 11,2 %, ”Vahidlik – Milli Hərəkat” – 9,8 %, ”Güclü Gürcüstan” – 9 %, ”Qaxariya – Gürcüstan naminə” – 8,2 %.
Qalan partiyalar 5 %-lik baryeri keçə bilməyiblər.
Parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstanda, 67-si isə xarici ölkələrdə yerləşirdi. Seçicilərin ümumi sayı 3 508 294 nəfər təşkil edib. Onlardan 3 113 747 nəfəri elektron texnologiyalardan istifadə etməklə öz seçimini edib.
Gürcüstanın hakim partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib ki, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası parlament seçkilərində qələbə qazanmasına baxmayaraq, ilkin hesablamalara görə, parlamentdə 90-91 mandat alacaq.
***
13:33
Gürcüstanda, Tbilisi vaxtı ilə saat 12:00-a olan məlumata görə, parlament seçkilərində 776 726 nəfər səs verib ki, bu da seçicilərin ümumi sayının 22,22%-ni təşkil edir. Bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoseliani bildirib.
***
11:22
Gürcüstanda bu gün keçirilən parlament seçkiləri ilə bağlı səsvermənin ilk iki saatında seçici fəallığı 9,27% təşkil edib.
Bu barədə Gürcüstan MSK məlumat yayıb.
Artıq 324 197 nəfər səs verib.
***
10:58
Gürcüstanda parlament seçkilərində ilk insident səsvermə başlayandan az sonra baş verib - Zuqdidi şəhərindəki 9 saylı seçki məntəqəsində müxalifətdən olan deputat Anna Tsitlidze ilə yerli müşahidəçilərdən biri arasında toqquşma olub. Bu barədə "Spunik" xəbər verir.
Keçmiş hakim Vahid Milli Hərəkat Partiyasının üzvü Tsitlidze seçki məntəqəsinə gəlməzdən bir müddət əvvəl brifinq keçirərək bildirib ki, yerli təşkilatlardan iki müşahidəçi qanunsuz olaraq seçki məntəqəsindən qovulub.
Seçki komissiyasının sədri müşahidəçilərlə insidenti onunla izah edib ki, birincisi, bir məntəqədə bir yerli təşkilatdan birdən artıq müşahidəçi ola bilməz, ikincisi, bu şəxslər seçki prosesinə müdaxilə ediblər. Xüsusilə, bu müşahidəçilər seçicilərin şəxsiyyət vəsiqələrinə baxırdılar.
Seçicilər şənbə günü Gürcüstan parlamentinə 150 deputat seçir. Seçkilərdə 18 seçki subyekti iştirak edir. Mandatlar faktiki səslərin ən azı 5%-ni toplayan partiyalar arasında bölüşdürüləcək.
Səsvermədə ölkədə yaşayan 18 yaşdan yuxarı 3 milyon 17 min 837 Gürcüstan vətəndaşı iştirak edə bilər. Onlar üçün 3044 seçki məntəqəsi açıqdır. Daha 95 910 seçici xaricdəki 67 seçki məntəqəsində - 42 ölkənin 53 şəhərində səs verə biləcək.
Qeyd edək ki, Gürcüstanda olan Azərbaycan Milli Məclisinin deputatları Tbilisidə və Rustavidə, eləcə də digər yerlərdə parlament seçkilərini müşahidə edirlər.
***
08:49
Bu gün Gürcüstanda parlament seçkiləri başlayıb.
Saat 08:00-da Gürcüstan ərazisindəki bütün seçki məntəqələri səsvermə üçün açılıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib ki, parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır. Qalan 67-si isə xarici ölkələrdədir.
Bu seçkilərdə 3 milyon 508 min 294 seçici səs verə biləcək. Onlardan 3 milyon 113 min 747 nəfəri elektron texnologiyalardan istifadə etməklə öz seçimini edəcək.
Bu il 135 min 922 nəfər ilk dəfə səs verəcək. Seçicilərin 95 min 910 nəfəri xarici ölkələrdə səs verəcəklər.
Səsvermə saat 20:00-da başa çatacaq.
Builki seçkilər 2017-ci ildə edilmiş konstitusiya düzəlişinə əsasən tam proporsional qaydada, 5%-lik seçki bariyeri ilə ilə keçirilir. Parlamentin 150 yeri uğrunda 19 siyasi partiya və koalisiya rəqabət aparır. Parlamentə yalnız 5%-lik bariyeri keçən partiyalar daxil ola biləcəklər. Qərbyönümlü müxalifət partiyaları hakim “Gürcü Arzusu”na qarşı 4 böyük koalisiyada mübarizə aparır. Onların hər biri Prezident Salome Zurabişvilinin təqdim etdiyi Gürcü Xartiyası adlı sənədi imzalayıblar. Sənəd Gürcü Arzusunun 12 illik hakimiyyətindən sonra ölkədə keçid dövrünün təmin edilməsi, Avropayönülmü islahatların həyata keçirilməsi üçün bir illik texniki hökumətin yaradılmasını nəzərdə tutur.