Hacı İsmayılov Teatr Xadimləri İttifaqının sədri seçilib
2023-cü ildə Azər Paşa Nemətov vəfat etdikdən sonra bu vəzifə boş idi
İyulun 22-də Azərbaycan Teatr Xadimləri İttifaqının XV konfransında səsvermə keçirilib.
Xalq artisti Hacı İsmayılov Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri seçilib.
"Azərbaycan Teatr Xadimləri İttifaqının məqsədi ölkəmizdə teatr sənətinin inkişafına kömək göstərməkdir. Bu məqsədlə biz bu il bölgələrdəki teatrları “Qonaq teatr” layihəsinə dəvət etdik. Bölgələrdən olan teatr kollektivləri Bakıya çox böyük sevinc və həvəslə gəlirlər. Biz bu istiqamətdə işimizi bundan sonra da davam etdirəcəyik".
Bu sözləri Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Hacı İsmayılov söyləyib.
Xalq artisti deyib: “Bundan sonra xarici və türkdilli ölkələrin teatrları ilə təmaslar qurmağa çalışacağıq. Azərbaycan teatrını dünya səviyyəsinə qaldırmaq lazımdır. Mənim üzərimə çox böyük vəzifə düşür. Teatr Xadimləri İttifaqının on sədri olub, hamısı da Xalq artisti. Onların işini davam etdirmək, əlbəttə ki, böyük məsuliyyətdir. Amma şərəfli bir işdir və mən də çalışacağam ki, Teatr Xadimləri İttifaqının gördüyü işlər Azərbaycan teatr sənətinin inkişafına xidmət etsin”.