Hakan Fidan Çində səfərdədir
Türkiyəli nazir Sincan Uyğur muxtar bölgəsini də ziyarət edəcək
Türkiyənin xarici işlər naziri (XİN) Hakan Fidan Çin Xalq Respublikasına səfər edib. Bu, Hakan Fidanın Türkiyənin XİN başçısı vəzifəsində Çinə ilk səfəridir.
Çinin XİN rəhbəri Van İnin dəvəti əsasında baş tutan səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərin müzakirəsi, eləcə də aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması gözlənilir.
Müzakirə olunacaq əsas gündəm məsələlərindən biri də iki ölkə arasında 48 milyard dollara çatan ticarət həcmidir. Görüşlərdə qarşılıqlı ticarətin daha balanslı və davamlı olması istiqamətində atılacaq addımlar, Çindən Türkiyəyə ixrac olunan məhsullar, xüsusilə yeni texnologiya sərmayələri ətrafında fikir mübadilələri aparılacaq.
Türkiyəli nazir Sincan Uyğur muxtar bölgəsini də ziyarət edəcək. Bu, Türkiyənin dövlət rəsmiləri qismində Prezident Rəcəb Tayyib Ərdoğanın 2012-ci ildə bölgəyə səfərindən sonra ilk ziyarət olacaq.
Səfər iyunun 5-dək davam edəcək.