Adətən aktyorlar səhnəyə çıxır və bizə rol göstərirlər. Bizim gözlərimiz onların səhnədə bir sıra hərəkətlərini görür və oynanan əsərin məğzini başa düşür. Bir sıra aktyorlar rəhmətlik Konstantin Stanislavskinin “Aktyorun öz üzərində işləməsi” dərsliyində tədris edildiyi kimi, daxillərində qəhrəmanın psixoloji portretini yaradaraq onu xarici jestlərlə nümayiş etdirirlər. Digər aktyorlar isə Vsevolod Meyerxoldun “Biomexanika” dərsinə arxalanaraq, əksinə, bədənin xarici fizikasından emosiyalara, qəhrəmanın daxili durumunu göstərirlər.
Lakin həyatın özündə bu, səhnə üçün yaradılan nəzəriyyələr işləmir, insan sadəcə həyatını yaşayır — Tom Xenks, İnnokentiy Smoktunovski, Rasim Balayev kimi… Odur ki, mən artıq dərəcədə səmimi etiraf edə bilərəm ki, Rasim Balayev aktyor deyildi — çünki o, aktyor olmaq üçün həddindən artıq real idi. Bu cümlə ilk baxışda mənasız görünə bilər. Amma teatrın 90%-i məhz “oynamaqdan” və “danışmaqdan” ibarətdirsə, Rasim qalan 10% ilə səhnədə sakit həyat yaşayırdı.
Bu böyük hərflə yazılan Azərbaycanlı, Stanislavski və Meyerxold nəzəriyyəsini üstələyib tamaşaçının gözü qarşısında performans göstərmək əvəzinə, zorla onun bəbəyinə girib elə oradan onun baxış bucağını tənzimləyirdi. Və biz görürdük… onun istədiyi kimi görürdük. Ona görə ki, onun əsas aləti oyun deyildi. Emosiya da deyildi. Hətta mətn belə deyildi. Onun əsas aləti — fikrin özü idi. O, düşünürdü. Tamaşaçı isə ilk dəfə olaraq aktyorun nə düşündüyünü yox, düşüncənin özünü görürdü və anlayırdı.

Deyirlər “Nəsimi” onun ən yaxşı rolu sayılır — əslində isə mən bir rejissor kimi bəyan edirəm ki, bu yalnız təsəvvürdür. Rasim Balayev heç vaxt Nəsimini oynamayıb — o, Nəsiminin cismini sadəcə istifadə edib, gözümüzün qarşısında onu dərisini soyaraq bizə insan həyatının ekzistensiyasını, yəni insanın təkcə bioloji varlıq kimi deyil, onun mövcudluğunun unikal və şüurlu mücadiləsini nümayiş etdirib. Bu, sadəcə eksperiment idi. “İnsan nədir?” — o, özünün bütün varlığı ilə bu sualın təcəssümü idi.
Rasim Balayev çox təhlükəli cərəyan idi. O, səhnədə danışanda, biz onun dediklərini yox, onun demədiklərini eşidirdik. Öz növbəsində, axı bu da aktyorluq deyildi — bu, intellektual cinayət idi. Çünki Rasim tamaşaçını rahat buraxmırdı. O, səni məcbur edirdi ki, öz beyninin içində səhnə qurasan və özünə o səhnədə kənardan baxaraq nifrət edəsən — sevə-sevə.
Tanıdığım bir çox zavallı aktyor mətni unudanda oyunlarında tənəffüs edirlər ki, sözlər yada düşsün. Bunun adı pauzadır — “teatral pauza”. Bəli, yaxşı xatırlayıram ki, Rasim müəllimin yaradıcılığı bu cür pauzalarla bol idi. Amma onun pauzalarının səbəbi başqa idi… O, sanki həyatın nəfəsini kəsirdi. Kəsirdi ki, biz ölümü, olumu və bu olumların arasında özümüzü tapaq, müşgül sözündən sonra bir və ya bir neçə nöqtə qoyaq.
29 mart 2026-cı ildə Rasim yeni bir pauza aldı. Amma Balayevlə problem həm də ondan ibarətdir ki, o, yaradıcılığı boyu özünə nöqtə qoymağa imkan vermirdi. Çünki pauza sözlərdən yox, sükutdan yaranır. Sükutun isə sonu olmur.
P.S. 2019-cu ildə Nəsimi filmini ANS Şirkətlər Qrupuna daxil olan Balans Rəqənsal Bərpa Studiyası tərəfindən təmizləndi. Çox sevindi onda Rasim müəllim. Dedi: "Bu film çəkiləndə belə gözəl keyfiyyatda deyildi"
4 dəqiqə