Həftəsonu bəzi bölgələrdə leysan yağacaq, dolu düşəcək
Milli Hidrometeorologiya Xidməti xəbər verir
Azərbaycanda sentyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 27-32° isti olacağı bildirilir. Atmosfer təzyiqi norma daxilində - 760 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində sentyabrın 3-də şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacaq.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacağı ehtimal edilir.