“Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı təsdiq edilib
Bu barədə "president.az" saytı xəbər verib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:
- “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
- Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Beləliklə, Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi və Maliyyə Nazirliyi 2023-cü il may–iyun aylarında ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis edilməsini təmin etməlidir;
Fevral-may aylarında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq;
Azərbaycanda “Heydər Əliyev – 100” yubiley medalı təsis ediləcək.