XƏBƏRLƏR / İctimaiyyət

İtkin şəhidlər dəfn olunublar FOTO

Onların nəşlərinin qalıqları Dövlət Himinin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb

İtkin şəhidlər dəfn olunublar FOTO
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 18:22

    Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra kimliyi müəyyən edilən şəhid Bilal Qəhrəman oğlu Qəhrəmanov dəfn olunub. Ailəsinin yaşadığı ünvanda - Gədəbəy rayonunun Qızılqaya kəndində şəhidlə vida mərasimi keçirilib.

    Mərasimdə rayon rəhbərliyi, kənd sakinləri, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid Bilal Qəhrəmanov Gədəbəy Şəhidlər xiyabanında dəfn olunub. Üçrəngli Azərbaycan bayrağı şəhidin qardaşına təqdim edilib, yaylım atəşi açılıb.

    Bilal Qəhrəman oğlu Qəhrəmanov 1969-cu il iyunun 2-də Gədəbəy rayonunun Yenikənd, indiki Qızılqaya kəndində anadan olub. Orta məktəbi başa vurduqdan sonra sovet ordusu sıralarında hərbi xidmətə yollanıb. 1991-ci ildə könüllü olaraq Azərbaycan torpaqlarının müdafiəsində iştirak edib. O, Ağdam, Ağdərə və Ağcabədi istiqamətlərində gedən döyüşlərdə iştirak edərək, dəfələrlə fərqlənib.

    Onun ilk döyüşü Fərrux dağı uğrunda olub və bu döyüşdə iki qəlpə yarası alıb. Həkimlər qəlpələrdən yalnız birini çıxara biliblər. Bilal döyüş yoldaşlarının çətin vəziyyətdə olduğunu eşidən kimi xəstəxanada müalicəsini yarımçıq qoyaraq, yenidən cəbhəyə qayıdıb. Bu dəfə ağır yaralanaraq üç gün təkbaşına döyüşüb, xeyli düşməni məhv edib. 1994-cü il yanvarın 4-də Ağdam rayonunun Qarakənd kəndinə “Çeyl yüksəkliyi” adlanan yerdə itkin düşüb. 24 yaşlı Bilal həmin döyüşdə düşmənin xeyli sayda texnikası və canlı qüvvəsini məhv edərək, döyüş yoldaşlarını xilas edib. Özü isə qəhrəmancasına həlak olub.

    Onun qalıqları düz 30 il sonra Şuşa şəhərinin Dəhraz kəndi ərazisində aşkar edilib.

    Qeyd edək ki, doğulub boya-başa çatdığı kənddəki orta məktəb indi Bilal Qəhrəmanovun adını daşıyır.

    ***

    14:38

    Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səfərov Səfərali Alverdi oğlunun nəşinin qalıqları sentyabrın 20-də Sumqayıtdakı “Şəhidləri xiyabanı” kompleksində dəfn olunub.

    Bakıda şəhidin ailə üzvlərinin evində keçirilən vida mərasimindən sonra onun nəşi Sumqayıta gətirilib. Dəfn mərasimində şəhidin doğmaları, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Yaylım atəşi altında şəhidin nəşinin qalıqları torpağa tapşırılıb. Azərbaycanın Dövlət Himni səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı yaxınlarına təqdim edilib.

    Qeyd edək ki, Səfəralı Səfərov 1973–cü ilin dekabr ayının 27-də Ermənistanın Qafan rayonunun Davruz kəndində dünyaya göz açıb. O, 1992-ci il sentyabr ayının 29-da hərbçi kimi Ağdam rayonunun Şirxavənd kəndi ərazisində gedən döyüşlərdə həlak olub. Elə o kəndin qəbiristanlığında da naməlum əsgər kimi dəfn olunmuşdu.

    ***

    12:11

    Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Tərlan Kamal oğlu Rüstəmov paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

    Dəfn mərasimində şəhidin ailə üzvləri, doğmaları, qazilər, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Şəhidin nəşi Dövlət Himinin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.

    T.Rüstəmov 1974-cü il martın 20-də Lerik rayonun Şivlə kəndində anadan olub. O, 1992-ci il sentyabrın 20-də Ağdam rayonunun Sırxavənd kəndində itkin düşüb. Şəhidin nəşinin qalıqları həmin kənddə aşkar olunub.

    ***

    11:53

    Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Mübariz İlyas oğlu Məmmədov paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

    Dəfn mərasimində şəhidin ailə üzvləri, doğmaları, qazilər, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Şəhidin nəşi Dövlət Himinin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.

    Qeyd edək ki, M.Məmmədov 1966-cı ildə Tovuzda anadan olub. 1992-ci ildə şəhid olan mərhumun nəşinin qalıqları Ağdam rayonun Sırxavənd kəndində aşkarlanıb.