BLOQ

Heydər Əliyev məmurları necə tənbeh edirdi?

Özümdən başlayım ki, heç kim inciməsin

Heydər Əliyev məmurları necə tənbeh edirdi?
Heydər Əliyev
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Bəzilərini televiziya ekranlarından görmüsünüz.

    Bəziləri isə necə deyərlər, pərdə arxasında cərəyan edib.

    Belə epizodlardan biri haqda yazmaq istəyirəm.

    Özümdən başlayım ki, heç kim inciməsin.

    Keçmiş mədəniyyət naziri, diplomat həmkarım Polad Bülbüloğlu həm də türk ölkələrinin beynəlxalq mədəniyyət qurumunun – Türksoyun rəhbəri idi. Ara-sıra təşkilatın xətti ilə müxtəlif xarici səfərlərə çıxmaq zərurəti yaranırdı. Polad müəllim Türksoydakı fəaliyyətin də xarici siyasətimizin tərkib hissəsi olduğunu əsas gətirib bir neçə dəfə nəzərdə tutulan səfərlə bağlı Prezidenti məlumatlandırmağı məndən xahiş etmişdi. İki, ya üç dəfə digər məsələlərlə yanaşı bu barədə də məruzə eləmişdim və hər dəfə də Heydər Əliyev “Yaxşı, getsin!” demişdi. Amma sonuncu dəfə eyni xahişlə müraciət edəndə səs tonunun dəyişdiyi də diqqətimdən yayınmamışdı. Başa düşmüşdüm ki, əslində özümə aid olmayan məsələlərə qarışır, Prezidentin iş üslubu və idarəçilik mexanizmi ilə uyğun gəlməyən hərəkət edirəm. Söz vermişdim ki, bu hal bir də təkrarlanmayacaq.

    Amma bir dəfə yenə Polad müəllim zəng vurdu. Türksoyla YUNESKO arasında əməkdaşlıq məsələlərinin müzakirəsi ilə bağlı vacib görüşlər nəzərdə tutulduğunu bildirib mütləq Parisə getməli olduğunu dedi. Bu barədə Prezidentə məlumat çatdırmağımı xahiş etdi. Boyun qaçırmaq istəyəndə məsələnin çox təcili, gündəliyin ölkəmizin mövqeyi baxımından həssaslığını xatırlatdı. Məsələdən xəbərdar olduğumdan sözündən çıxa bilmədim.

    Həmin gün Prezidentə telefon açanda başqa məsələlərlə birlikdə Polad Bülbüloğlunun Paris səfəri ilə bağlı xahişini də çatdırdım. Heydər Əliyev dərhal cavab vermədi. Düşündüm ki, yəqin hansı qərarı qəbul etmək haqda fikirləşir. Az qala məsələnin vacibliyi haqqında danışmaq istəyirdim ki, birdən selektorda İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin səsini eşitdim:

    – Bəli, cənab Prezident!

    – Mehdiyev, yerindəsən?

    – Bəli, cənab Prezident.

    – Necə yerindsən ki, nazirlər sənin səlahiyyətində olan məsələləri həll etmək üçün Vilayət Quliyevin qəbuluna gedirlər? O da işini-gücünü atıb bu məsələlərlə məşğul olur. Nəticədə xarici siyasətimiz qalır böyrü üstə...

    Bu sözləri deyəndən sonra Prezident özü də gülməyə başladı. Məsələ aydın idi. Belə dolayısı, ən başlıcası isə yaradıcı yolla mənə xəbərdarlıq edilirdi ki, öz işimlə məşğul olum. Başqa qurumların səlahiyyətinə aid məsələlərə müdaxiə edib özümü “yaxşı kişi”, yaxud “krutoy oğlan” kimi göstərməyə çalışmayım.

    Mədəniyyət nazirinin xahişini çatdırdığım anda Heydər Əliyev sözümü kəsə bilərdi, əsəbiləşə bilərdi (Bir dəfə səlahiyyətinə aid olmayan işə yersiz müdaxilə etdiyinə görə yüksək vəzifəli məmurlardan birinə “Sənin bu hərəkətinin adı bilirsən nədir? Buna hamam suyu ilə dost tutmaq, ya da özünü yuyulmamış çömçə kimi ortaya atmaq deyərlər” – sözləri ilə kəskin irad bildirmişdi). Amma yəqin ki, yanlış hərəkətimin idarəçilik təcrübəmin azlığından, bəlkə də sadəlövhlükdən, aparat oyunlarının sirlərinə nabələdlikdən irəli gəldiyini bilib mənə incə, həm də daha yaddaqalan və ibrətamiz şəkildə dərs vermişdi.