Hicablı şagirdlər, müəllimlər və Dövlət qanununun icrası
Dövlətin bu məsələdə gec də olsa verdiyi qərarı tam dəstəkləyirəm. Lakin...
Gündəmi zəbt etmiş "hicab" mövzusunda yazılanları və görüntüləri diqqətlə izləyirəm. Təbii ki, özümün də mövqeyim var: Dövlətin bu məsələdə gec də olsa verdiyi qərarı tam dəstəkləyirəm. Lakin onun müəyyən hazırlıq mərhələlərini keçmədən, dərs ili başlayandan sonra, həm də hicablı şagird və müəllimlərə cəmi bir həftə "seçim" müddəti verməklə həyata keçirilməsinın fəsadları göz önünə gətirilməli idi.
Baş verənlər - hicablı qadın valideynlərin artıq üzdə olan aqressiv rəftarı nəzərə alınarsa, cəmiyyətin bu qisminin ictimai əxlaqının üzə çıxması və bəlli olunmasının da özlüyündə əhəmiyyət daşıdığı ilə bərabər, hər halda valideyn tərəfindən öyrədilən məktəbli qızların hicabı çıxarmayacağı, amma öz təhsil haqqını tələb etdiyi kimi inadlı çıxışlarına baxmayaraq, bu uşaqların məktəbin qapısı ağzında saxlanılması, göz yaşları axıtması çox ağır təəssürat yaradır.
Baş verənlər - hicablı qadın valideynlərin artıq üzdə olan aqressiv rəftarı nəzərə alınarsa, cəmiyyətin bu qisminin ictimai əxlaqının üzə çıxması və bəlli olunmasının da özlüyündə əhəmiyyət daşıdığı ilə bərabər, hər halda valideyn tərəfindən öyrədilən məktəbli qızların hicabı çıxarmayacağı, amma öz təhsil haqqını tələb etdiyi kimi inadlı çıxışlarına baxmayaraq, bu uşaqların məktəbin qapısı ağzında saxlanılması, göz yaşları axıtması çox ağır təəssürat yaradır.
Tanınmış jurnalist Tapdıq Fərhad oğlunun bu mövzuda apardığı çox mükəmməl tədqiqatdan aydın olur ki, hökumət artıq 7 iyul 2026-cı il tarixdən başlayaraq bu mövzuda müvafiq qərarlar verməyə başlayıb. Odur ki, Təhsil Nazirliyi və məktəblərin rəhbərliyi yay aylarında bu sahədə hazırlıq işləri aparmalı, valideynlər və hicablı şagirdlərlə müvafiq tədbirlər görməli idilər. Dərs ilinin sentyabrın 15-də başladığı nəzərə alınarsa, bu məsələdə dövlətin və məktəbin mövqeyinin nə qədər ciddi və sərt olduğunu həmin valideynlərə və qızlara başa salmağa vaxt var idi. Əminəm ki, onlarla bu şəkildə söhbətlər və təlimatlar aparılsa idi, oktyabrın 12-də baş verən acınacaqlı qarşıdurmalardan qaçmaq olardı...
İndi isə "Hicab, ya təhsil" seçimi ilə üzləşmiş 12 oktyabr gününü yəqin ki, yalnız bu 7-17 yaşlı qızlar deyil, onlara dəstək verən, yaxud üzlərində pərt ifadələrlə yanlarından sükutla keçərək dərsə girən sinif yoldaşları da ömürləri boyu xatırlayacaqlar... Çox ağır və acı bir dərs günü!
Düzü, hicablı müəllimlərlə bağlı başqa bir mövqeyim vardı. Onların təhsilli və peşəkar olduqlarına heç şübhə etmədən, bu sıradan müəllimlərin məktəbdə sinfə girməyinin özündə bir fərqli - burada dini düşüncənin nümayişi kimi arzuolunmaz hal görürdüm. Bizə dövlət qurmuş İnsanların Şərq-məsəlman ölkəsi olan Azərbaycan üçün Dünyəvilik seçimi etməsi, Azərbaycan qadınının mərhələ-mərhələ hansı çətinliklər və qurbanlar hesabına çadra və hicabdan azad olması tarixinə varmadan, müstəqillik dövründə hicabın yenidən qadınlarımızın həyatına daxil olmasının ən müxtəlif səbəbləri, xüsusilə xarici təsirlərin də üzərində dayanmıram. Odur ki, artıq reallıqla hesablaşmaq məcburiyyəti qarşısında hicablı müəllimlərə münasibətin bir qədər güzəştli olması üzərində düşünür, onlara bu ilin, yaxud tədris ilinin sonunadək öz seçimini etmək üçün vaxt verilməsini mümkün sayırdım. Çünki hicablı müəllim bütün sinfə dərs deyir və onun bu gün dərsə buraxılmaması ümumən tədris prosesini pozur, şagirdlərin hamısına əlavə stress yaşadır. Həmçinin, müəllimə peşəsi və məktəbdən aldığı məvaciblə dolanır, dərs ilinin ortasında onu beləcə işdən çıxarmaq, dolanışığından məhrum etmək nə insaniyyətə, nə əmək qanunvericiliyinə sığır. Hicablı müəllimlərə bu dərs ili müddətində hər halda bir şərait yaratmaq, uzaqbaşı məktəbin içində başını açmaq və s. kimi güzəştlər tapmaq olar.
İndi də bu mövqedə qalmaqla bərabər, tarixçı həmkarım, tanınmış iranşünas alim Vidadi Mustafayevin bir statusu məni hicablı müəllimlər məsələsinə başqa bir bucaqdan baxmağa sövq etdi. Aşağıda həmin mətni nəzərinizə çatdırıram və mütləq oxumağınızı tövsiyə edirəm.
"Vidadi Mustafayev.
FORMALARIN SAVAŞI
Dövlət hansı səbəbdənsə bu dərs ilindən məktəbdə müəllim/təhsil verənlər ilə şagirdlərin / təhsil alanların standart,ancaq dünyəvi geyim geyinməsi barədə qərar qəbul edib və bir neçə gün əvvəl onun icrasına başlaylb. Qərarın icrası müxtəlif səviyyəli - sadəlövh, dini ehkamlara dərindən inanan, dindən öz məqsədləri üçün istifadə etməyə çalışan müəyyən ziyalı və radikal qruplar, vəzifəli ruhanilərin bir hissısinin müxtəlif səviyyəli etirazına səbəb olmuşdur.
Etirazçılar arasında xanım müəllimlər xüsusi yer tutur.Onların bəziləri etiraz əlaməti olaraq nümayişkaranə surətdə "sevdikləri" peşədən ayrılmağa qərar veriiblər. Həmin müəllimlərin bir qismi çox güman ki, müxtəlif elmləri tədris etsələr də, çox təəssüf ki, nə təhsil aldıqları, nə də təhsil verdikləri illərdə elmi şüur əldə edə bilməmişlər. Elmi şüuru olmayan insan başqasına hər hansı fənni tədris edə bilər, lakin əsas vəzifələrindən biri olan elmi şüur, elmi dünyagörüşü aşılaya bilməz. Bu, müəllim və ümumiyyətlə ali təhsil verən qurumların da işinin nəticəsini dəyərləndirmək üçün bir meyar ola bilər.Adamın elmi dünyagörüşü olsa, özü və başqasını dövlət qanun və qərarlarının icrasına etiraz etməyə sövq etməz və dövlət müəssissində dini qayda və qərarların icrasına tərəfdar çıxmaz. O bilməli idi ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi dövlətdə yalnız dövlətin qəbul etdiyi qanunlar işləyir. Qanunu tənqid etmək, etiraz etmək olar, lakin nə qədər qüvvədədir, yerinə yetirilməlidir.
Müəllimlərin digər qismi, məlum olmayan səbəblərdən dini ideologiyanı həyata keçirmək, xarici təsirin ötürücüsü rolunda çlxış edir. Buna misal olaraq məktəb və məsciddə İranla bağlı, onun keçmiş siyasi (!) və dini rəhbərinin şərəfinə tədbirlər keçirilməsini göstərmək olar.
İndi görək dövlət qərarına necə etiraz edirlər? Biriləri, bir deputat, əsas qanuna və Qurana istinad edərək qanunun və Quranın tələblərini nəzərə almağı və uzlaşdırmağı məsləhət görürlər. Digərləri söz, əqidə, vicdan, din azadlığını əsas gətirərək məktəbdə hicabın qalmasına tərəfdar çıxırlar. Daha biriləri qanun, demokratiya, azadlıq sözlərini bir tərəfə ataraq mıqsədlərini açıq bildirirlər.
Hicab Allahın buyruğudur/qanunudur, onu müzakirə etmək olmaz və hamı yerinə yetirməlidir.
Bunlar qəsdən dünyəvilik prinsipinin nə demək olduğunu unudaraq Allahın adına çıxılan göstırişləri dövlətin qanunlarından üstün tuturlar. Hicab məsələsinin mahiyyəti məhz bu qarşıdurmada özünü göstərir.
Forma məsələsinə gəlincə, hicab təfdarları ümumiyyətlə forma əleyhinə yox, dövlətin müəyyən etdiyi formaya etiraz edir və onu dini forma ilə əvəz etmək, mümkün olarsa, dini formanın əhatə dairəsini genişləndirib, tədricən digər formaların da geniş yayılmasına nail olmağa çalışarlar.
Yəni sizin yox, bizim formamız və ya həm sizin, həm də bizim formamız olsun. İki qoçun başı məsələsi...
8 dəqiqə