Hikmət Hacıyev: Ermənistan ərazi iddialarından əl çəkməlidir
Bunu prezidentin köməkçisi “Report” agentliyinə verdiyi açığlamasında deyib
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Report”a açıqlamasında:
- Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar və Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar iki tamamilə fərqli xəttdir.
- Xüsusən də 2022-ci ildə Azərbaycan Ermənistana özünün 5 prinsipini təqdim etdi ki, bunun da əsas mahiyyəti ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınmasıdır. Praqa və Soçidə keçirilən görüşlərdə Azərbaycan və Ermənistan 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı olaraq tanıdıqlarını bəyan etdilər. Beləliklə, Ermənistan Praqa və Soçidəki sənədlərlə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıdı.
- Biz 2022-ci ilin sonuna qədər sülh sazişinin imzalanacağına ümid edirdik, yeri gəlmişkən, bu məsələ sentyabrda Vaşinqtonda keçirilən görüşdə də müzakirə olunub. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə buna nail olunmayıb.
- Ermənistan lap əvvəldən Qarabağ məsələsini sülh müqaviləsinə daxil etməyə çalışırdı, lakin bu yanaşma Azərbaycan üçün qəbuledilməzdir.
- Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir və Azərbaycan digər tərəflərlə, o cümlədən Ermənistan Respublikası ilə öz suverenliyi ilə bağlı məsələləri müzakirə etməyəcək.
- Qarabağ münaqişəsi həll olundu. Qarabağ Azərbaycanın ərazisidir. Azərbaycan üçün Qarabağ məsələsi beynəlxalq gündəmdən çıxıb.
- Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq həll olunacaq. Erməni sakinlərə xüsusi imtiyazların verilməsi gözlənilmir.
- Söhbət Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi üçün hər hansı beynəlxalq mexanizmin yaradılmasından söhbət gedə bilməz və biz bununla heç vaxt razılaşmamışıq. Ermənistanın bu məsələ ilə bağlı bəyanatları tamamilə məntiqsizdir və süni gərginlik yaratmaq məqsədi daşıyır.
- Ermənistan rəsmilərinin “Qarabağ ətrafında hərbisizləşdirilmiş zona yaratmaq”, “BMT-nin Qarabağa, Laçına faktaraşdırıcı missiyası göndərilməsi” kimi bəyanatları qəbuledilməzdir.
- Ermənistan hansı əsasla BMT və ya ATƏT missiyasını başqa ölkənin ərazisinə göndərməyə çağırır? Azərbaycanın razılığı olmadan heç bir qurum belə addımlar ata bilməz və etməyəcək. BMT-nin qətnamələrində də açıq şəkildə göstərilir ki, onun razılığı olmadan ölkə ərazisinə heç bir missiya göndərilə bilməz.
- Ermənistanın Qarabağa, Laçın yolunda missiya göndərməsi, xarici qüvvələrin cəlb edilməsi ilə bağlı açıqlamaları utopiyadan, geosiyasi avantüradan, süni gərginlik yaratmaqdan başqa bir şey deyil.
- 5 martda Ermənistanın törətdiyi təxribat bir daha onu göstərdi ki, Laçın yolunun son nöqtəsində, Ermənistan-Azərbaycan sərhədində sərhəd-nəzarət məntəqəsinin qurulması labüddür. Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında bu təkliflə çıxış etmişdi.
- Ermənistan hakimiyyətinin bu cür qıcıqlandırıcı acıqlamaları onların ikinci Qarabağ müharibəsi öncəsi dediklərini xatırladır: “Qarabağ Ermənistandır və nöqtə”, “yeni ərazilər uğrunda yeni müharibə”, “Azərbaycana bir qarış torpağı da qaytarmayacağıq”, "7 şərt".
- Ermənistan Azərbaycanla şərtlərin dili ilə danışmağa çalışır. Ermənistan başa düşməlidir ki, onun gələcəyi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Ona görə də Ermənistan ərazi iddialarından əl çəkməli, müxtəlif rəvayətlər adı altında Azərbaycanın daxili işlərinə qarışmalı, prezident İlham Əliyevin sülh proqramını qəbul etməlidir.
- Dünya liderlərinə çağırışlarla, özünü “demokratiyanın qalası” kimi təqdim etməklə, müxtəlif qətnamələrlə öz gələcəyini təmin edə bilmir.
- 30 il ərzində Ermənistan suverenlik, ərazi bütövlüyü ifadəsini eşitmək belə istəmirdi.
- Biz Ermənistanın siyasətində ardıcıllıq görmürük. Baş nazir bir şey deyir, digər rəsmilər isə tamam başqa şey deyir. Ya deyirlər ki, BMT missiyası Laçın yoluna getsin, sonra deyirlər ki, yox, Ermənistan Laçın yolu ilə məşğul olmayacaq. Ya deyirlər ki, 1991-ci il Almatı bəyannaməsi iki ölkə arasında delimitasiya üçün əsas olmalıdır, ya da anklav kəndlərinin hüquqi əsası olmadığını deyirlər. Bəzən Ermənistanın rəhbəri BMT-nin tribunasından çıxış edir ki, Azərbaycan xəritədə Ermənistanın hansı ərazilərə malik olduğunu bizə göstərsin.
- 30 illik erməni işğalı, etnik təmizləmə və kütləvi dağıntılara baxmayaraq, 44 günlük müharibədən az sonra Prezident İlham Əliyev xoşməramlılıq nümayiş etdirərək ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınmasına əsaslanan sülh gündəmini irəli sürdü.
Azərbaycanın suverenliklə bağlı hüquqi mövqeyi beynəlxalq səviyyədə qəbul edilir.