Hikmət Hacıyev Armen Qriqoryanla müzakirə aparıb
Müzakirə Doha Forumu çərçivəsində baş tutub
Doha Forumu çərçivəsində "Ermənistan–Azərbaycan Dayanıqlı Sülh: Vaşinqton Sazişi və Ortaq Gələcək" adlı panel sessiya keçirilib.
David Hearstın moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iştirak edib.
H.Hacıyevin "X" hesabında yazdığı məlumata görə, müzakirələr zamanı sülhün iqtisadi faydaları, əlaqəlilik, etimad quruculuğu tədbirləri də daxil olmaqla Vaşinqton razılaşmasının icrası istiqamətində atılan addımlar müzakirə olunub.
"Mən Azərbaycan tərəfinin Cənubi Qafqaz regionunu dayanıqlı sülh və rifah zonasına çevirmək istiqamətində göstərdiyi güclü iradəni vurğuladım", - Prezidentin köməkçisi qeyd edib.
***
“Bir-iki il əvvəl Ermənistan və Azərbaycanın narrativləri ziddiyyətli idi, amma indi onlar, əsasən, oxşardır”.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Doha Beynəlxalq Forumunda keçirilən panel müzakirəsində deyib.
"Bir-iki il əvvəl biz hər fürsətdə ziddiyyətli məqamları müzakirə edərdik. İndi onların çoxu oxşardır. Bəziləri üst-üstə düşmür, lakin mən əminəm ki, gələcək perspektivlərimizi yaxşılaşdırmaq üçün əməkdaşlığımızı gücləndirəcəyik", - deyə Qriqoryan bildirib.
1 dəqiqə