Hikmət Hacıyev Brüsseldə Aİ rəsmiləri ilə görüşüb
Bu barədə Hacıyevin sosial media hesabındakı paylaşımında bildirilib
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Avropa İttifaqı rəsmiləri ilə görüşüb.
Bu barədə Hacıyevin sosial media hesabındakı paylaşımında bildirilib.

O qeyd edib ki, "Avropa İttifaqından olan həmkarlarımla Azərbaycanla Aİ arasında münasibətlərdə son dövrlərdə müşahidə olunan müsbət dinamikanı müzakirə etməkdən məmnunam".

Hikmət Hacıyev vurğulayıb ki, tərəflər geniş ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb və Azərbaycanla Aİ arasında tərəfdaşlığın daha da gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Bundan əlavə, Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri ilə görüşdə o, onlara Azərbaycanın regionda irəli sürdüyü sülh gündəliyi, sülhün iqtisadi faydaları, Zəngəzur dəhlizinin inkişafı və etimad quruculuğu tədbirləri barədə məlumat verib.
1 dəqiqə